Qoca klounun keşkəsi...
İnsan bir doğulanda azad olur, bir də öləndə. Çünki bütün ömrü boyu özünə tabe etmək istədiyi ruhunu onda anlayır. Heç vaxt çərçivələrə sığışdırmağı bacarmadığı ruhu bədəninə qalib gələrək onu tərk edir. Gərçi belədirsə nədir bədənin istəyi? Ömrü boyu yürütdüyü axmaq ideyalar, nakam arzular, tüfeyli planlar, pozuq ambisiyalar? Hansı şəhvətdir onu ruhundan qoparıb saxta hisslərin əsiri edən?
İnsan Allahın ona verdiyi azadlığı dəyərləndirə bilməyəndə özü-özünü köləyə çevirir. Rəhbər tutduğu bütün prinsiplərini xalta edib boğazına asaraq özündən imtina edib ətalətdə səadətinə qovuşur. Ömür yolunun bu qaçılmaz finalına teatral panoram etdikdə bir daha anladım ki, insanın ən böyük dostu və düşməni özü, ən cılız rəqibi ağlı, ən axmaq yoldaşı arzuları, ən etibarsız bələdçisi hissləri, ən sadiq yandaşı köləliyidir.
Dövlət Pantomima Teatrı əvvəlimizi sonumuza calayıb bizdəki “Bir mən vardır məndə, məndən içəri” kimi məşhur kəlamı qavramaq cəhdi və bununla özümüzü bütləşdirmək xülyamızın üstündən bir xətt çəkəcək “Son ştrix” yozdu. Tamaşa yenə sadiq pantomimasevərləri məhdud məkanda böyük teatr idealları ətrafında toplaya bildi.
Anşlaq olacağı əvvəldən bəlli idi. Məhdud yerlər doldu, əlavə oturacaqlar “köməyə” gəldi. Və tamaşa başladı.
İşıq səhnədə pərakəndə düzülən pyedestal, kub, şarlar və digər əşyaların üzərini parlatdıqca mənzərə aydınlandı. Demək qoca, usanmış və həm də mübariz kloun sözsüz “söz” deyiləcək. Deyildi də. Özü də qısa və konkret, əlavə hay-həşirlərdən arınmış, lal-kar dildə: sən səni var edəndən qaçdın, ey rəzil...
Aktyor Bəhruz Vaqifoğlunun (o tamaşanın həm də rəssamı və musiqi tərtibatçısıdır) teatrın bədii rəhbəri və baş rejissoru Bəxtiyar Xanızadə ilə həmmüəllifliyinin qələm və quruluş "məhsulu" olan "Son ştrix" tamaşası bu dəfə ənənəvi ustad-şagird münasibətlərinə işarə etdi. İnkardan qaçışa, itaətsizlikdən mütiliyə qısa gəzişmələri canlandırdı. Əslində bu klassik eyhamla başlayıb pərdədən pərdəyə tam ayrı bir yönə kök saldı.
Belə ki, ilk səhnədə konkret və ya şərti ustad sənətkar olan yaşlı kloun (B.Vaqifoğlu) şagirdlərinin, daha doğrusu, onun şagirdi olmaqla əslində həm də onu inkar etmək istəyən ağıllı, güclü, hiyləgər və axmaq-dürüst dördlüyün (Elman Rəfiyev, Elnur İsmayılov, Ceyhun Dadaşov, Nurlan Rüstəmov) gah qurbanına, gah oyuncağına, gah da quluna çevrildi. Amma bu elə də asan olmadı. Şagirdlərinə təxəyyül azadlığına yol verməyən, yalnız özünün ifadə ehkamlarını tətbiq etməklə mənini isbata çalışan mühafizəkar və xudbin kimi görünən müəllim deyəsən sonra aydın görünməyə başladı: o, fədakardır, təbiidir, özüdür. Həm də safdır. Şagirdlərinin məkrini, əslində onu varlığından əxz etməklə yox olmağa məhkum edən niyyətlərini duya bilmir, bəlkə də duymaq istəmir. Onların saxta sevgisi gözünü kor edib. Bu səhnələr tez yerini dəyişib gənclərin yaşlı sənətkara hörmət, qayğı hərəkətlərinin saxta olduğu məqamda - qoca klounun yaratdıqlarını məhv edib oğurlamaq, dağıtmaq və dağıtdıqlarının üzərində heç nə yarada bilməyib yenidən öyrənmək - kölələşmək anında inandırıcı idilər.
Səhnə əsərində qısa zaman ərzində hər forma təzahürünü çox rahatlıqla tənzimlənmiş gördük. Burada harmoniya, nahamarlıqdan, çığırışan ideya həllindən qaçılıb. İncə, səthi, daha doğrusu, detalçılıqdan uzaq, bir növ əsl həqiqət elə onun yaranışındakı boyalar, səbəblərin fonundakı qığılcımlarla verilib. Aktyorlara gəlincə, onlar rollarına vahid kombinasiyada və eyni zamanda hər biri öz çalarını vurmaqla yanaşıblar. Məsələn, özünü ağıllı göstərən şagird şəhadət barmağı ilə pırtlaşıq saçlarını və beynini göstərir, güclü bir anda onu zəif edən əzələlərini, hiyləgər uğursuzluq məhkumiyyəti olan hoqqabazlığını, dürüst axmaq isə özünü gülünc və bivec edən divanəliyindədir. Beləcə bax, sən, mən, biz və bizi inkar edən onlar necə də özümüzə qayıdırıq. Əslində nə istəyib, nə uğrunda savaşıb, necə məğlubiyyətimizə doğru gedirik.
Bütün bunlar sadədən mürəkkəbə doğru elə uğurla mizanlanmışdı ki, sən əslində qəhrəmanların faciəsini “bax sənin haqqın budur” kimi verib dərindən nəfəs ala bilirsən. Mənə görə bütün bunlar 45 dəqiqəlik tamaşada ideyanın birbaşa yozumundakı ənənədən qaçışın uğurlu həllini də göstərə bildi. Konkretləşdirsək, ümumiyyətlə, "Son ştrix" səhnə əsəri adındakı hər iki sözün ifadəsini oturuşdura bildiyini nümayiş etdirdi. Demək tamaşa alındı. Bu mənada aktyorlar bütün detalları - cılız arzuları, rəzil sonları ilə usta biçimdə yozmağa nail oldular.
Yaşlı sənətkar rolunda çıxış edən gənc aktyor B.Vaqifoğlunun üzünün ifadəsindən tutmuş hərəkətlərinə qədər bütün zahiri və daxili komponentləri personajla aktyorun yaş fərqinin sezilməzliyini təmin edəcək dərəcədə inandırıcı idi. Elman Rəfiyev və Ceyhun Dadaşov ifa energetikaları və obrazdan sıçrayışları, onun tələbinə uyğun emosiyaları ilə sadə və anlaşıqlı idilər.
Pantomima Teatrının tamaşalarının özəl təqdimetmə və qavrama cəhətlərindən biri olan maraqlı effekt bu işin də finalını bəzədi. Qoca kloun yoxdan var etmək və onu - yaratdığını yaradılışına xas boyalarla bəzəmək xəyalında öz səadətinə qovuşdu. Təbii buna istədiyi kimi nail olmasa da. O, qəhrəmanının xəyalında canlandırdığı heykəlini (Əli Əlizadə) yaratdı, onu bəzədi, özəl bir varlıq kimi bəslədi, qorudu. Amma yenə də itirdi. İnsanlar onu bütün humanist duyğularından məhrum edərək ruh, təfəkkür, hürriyyət qatilinə çevirdilər. Axmaq, ağıllı, güclü və hiyləgər sonda sənətkarın yaratdığına itaətlə özlərini əbədi boyunduruğa məhkum etdilər. Həm də bunu sənətkarın, yorğun klounun şah əsərinin faciəsi kimi onun gözünə dürtməklə.
Demək, insan özündən qaçdıqca elə özünə - mütiliyinə, itaətkarlığına və əbədi məğlubiyyətinə məhkum olur. Bütün bu əsrarəngiz məna və məramlar fonundakı "Son ştrix" sadə rəssam işi və seçkin musiqi tərtibatı ilə maraqlı idi. Bu anlamda xüsusilə sonda Həsən Seyidbəylinin məşhur ekran işlərindən olan "Nəsimi" filmindən seçmə ifaların müasir müşayiətlə lent yazısı tamaşanın finalına uyğun nöqtəni qoydu. Yəni, ey bəni insan, ey dünyanı xilas etmək üçün dünyaya gəlsə də, öz faciəsini yazan varlıq,
Sən sana gər yar isən var, ey könül, yar istəmə!
Yarü dildar ol sana, sən yarü dildar istəmə!
Bivəfadır çün bu aləm, kimdən istərsən vəfa?
Bivəfa aləmdə sən yari-vəfadar istəmə!...
Həmidə Nizamiqızı