Saytı olmayan teatr tamaşaçı ilə virtual ünsiyyət qurmaq imkanından məhrum olur
Bu gün həyatımızı elektron resurslarsız, internetsiz təsəvvür etmək mümkünsüzdür. Bəs internetin imkanlarından incəsənətdə, xüsusən ən çox təbliğata ehtiyac duyulan teatr sahəsində tətbiqi yetərli səviyyədədirmi? Ölkə teatrları təbliğatda ənənəvi üsullarla yanaşı, müasir texnologiyanın imkanlarından yararlana bilirlərmi?
Bu qəbildən suallara teatr rəhbərlərinin oxşar cavabları olsa da, təəssüf ki, bu iş hələ mütəşəkkil hal almayıb. Bu fikri bizimlə söhbətində sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarov da təsdiqlədi. Mütəxəssis qeyd edir ki, bu gün dünyadakı qloballaşma prosesinin ən vacib göstəricilərindən biri müasir informasiya cəmiyyətidir: “Bu gün inkişafın əsas daşıyıcılarından biri informasiya-kommunikasiya texnologiyalarıdır. Ölkə Prezidentinin 2 aprel 2014-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” bu mənada zamanında qəbul edilmiş mühüm sənəddir. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin hesabatlarına nəzər salsaq, görərik ki, bu gün ölkə əhalisinin hər 100 nəfərindən 73-ü internet istifadəçisi, hər 100 nəfərə düşən mobil telefon nömrəsinin sayı isə 110-dan çoxdur. Ötən ilin birinci yarısının sonunda “Azərbaycanın milli domen zonasında qeydiyyatdan keçmiş domenlərin sayı 22550-yə çatıb. Deməli, istənilən halda biz incəsənətin, teatrın təbliğatı işində interneti, mobil vasitələri görməzdən gələ bilmərik. Eləcə də dövrün texnoloji faktorlarını teatra cəlb etməklə audiovizuallığı artırmaqla tamaşaçının teatrla rabitəsinin möhkəmlənməsinə təsir edə bilərik”.
Elə isə bu işi necə aparmalı? Həmsöhbətim ilkin təcrübələrin qənaətbəxş olduğunu deyir: “Göründüyü kimi, Azərbaycan artıq informasiya cəmiyyətinin atributları olan geniş informasiya-kommunikasiya texnologiyaları infrastrukturuna malikdir. Lakin bu gün teatrlarımızın, kinoteatrlarımızın yaşadığı müəyyən tamaşaçı problemini, muzeylərə, sərgi salonlarına ziyarətin, mütaliəyə marağın azalmasını da bəzən informasiya-kommunikasiya texnologiyalarının, internet şəbəkəsinin yüksək inkişafı ilə əlaqələndirirlər. Sözsüz ki, İKT-nin, internetin incəsənətin audiovizual növlərinə marağın azalmasında müəyyən təsiri var. Amma o da məlumdur ki, bu problemin səbəblərini yalnız burada axtarmaq düzgün deyil və çalışmaq lazımdır ki, həmin mənfi təsirin özünü müsbət istiqamətə yönəldək. Qeyd etmək lazımdır ki, bu yöndə müəyyən işlər görülür. Bir sıra teatrlarımızda hazırlanan tamaşalarda kompüter texnologiyaları uğurla tətbiq edilir ki, bu da həmin tamaşaların daha müasir və maraqlı alınmasına imkan verir”.
Vidadi Qafarov teatrların təbliğat işinin internet üzərindən təşkili məsələsinə də toxundu. Bu sahədə işin hələ də istənilən səviyyədə olmadığını bildirdi: “İnformasiya cəmiyyəti milli teatrımızın dünya teatr prosesinə inteqrasiyası üçün də geniş imkanlar açır. Belə ki, hər hansı teatrın saytının yaradılması həmin teatrın dünya informasiya məkanına daxil olmasına, onun bu məkanın subyektinə çevrilməsinə, eləcə də dünya teatrları ilə intensiv əlaqə qurmağa, əməkdaşlıq etməyə imkan yaradır. Lakin təəssüf ki, teatrlarımız hələ də bundan kifayət qədər yararlanmırlar. Düzdür, son illərdə “Azərbaycan teatrı: dünən, bu gün, sabah” portalının, Azərbaycan Dövlət Teatr Muzeyinin, Teatr Xadimləri İttifaqının, bəzi teatrların saytlarının yaradılması bu yolda görülən uğurlu işlərdir. Amma ölkəmizdə fəaliyyət göstərən teatrlardan az qisminin saytının olması bu sahədə görüləcək işlərin mövcudluğundan xəbər verir ki, bunu həm də ciddi sosioloji problem kimi qavramaq lazımdır. Belə ki, bu gün saytsız teatr tamaşaçı ilə virtual ünsiyyət qurmaq, teatrı təbliğ etmək, tamaşaları reklam etmək imkanından məhrum olur”.
Mütəxəssis müasir informasiya cəmiyyəti ilə klassik cəmiyyət arasındakı fərqlərə də aydınlıq gətirdi: “Fərq ondan ibarətdir ki, qloballaşmanın təzahürü olan informasiya cəmiyyətində yüksək kommunikasiya texnologiyaları sayəsində eyni informasiyanın eyni vaxtda hamının tanış olması baş verir. Yəni bir informasiya eyni vaxtda bütün cəmiyyətin malına çevrilir və nəticədə minlərlə, milyonlarla insan bu informasiyadan eyni vaxtda istifadə etmək - oxumaq, dinləmək, baxmaq, yükləmək, göndərmək imkanı əldə edir. Fikrimizcə, bunu biz texnoloji sinkretizm də adlandıra bilərik. Bildiyimiz kimi, sinkretizm incəsənətin bir sıra növlərinin, xüsusən də teatrın, aşıq sənətinin mahiyyət daşıyıcı xüsusiyyətlərindəndir və bir şəxsin eyni vaxtda oxumasını, oynamasını, rəqs etməsini və musiqi alətində çalmasını, həmçinin tamaşaçını iştirakçıya çevirməsini nəzərdə tutur. Bu gün inkişaf dövrünü yaşayan informasiya cəmiyyəti də öz internet resursları, yüksək texnologiyaları ilə buna doğru irəliləyir və bu da bizə bəzi mətləbləri aça bilər. Həmin mətləblərdən biri odur ki, müasir informasiya cəmiyyətində sinkretizmdə olduğu kimi, passiv tamaşaçı olmaq mümkün deyil, bu cəmiyyət istəyindən asılı olmayaraq, hər kəsi iştirakçıya çevirir. Bu gün saytı olmayan təşkilat ciddiyə alınmır, kompüterlə davrana bilməyən mütəxəssis işə qəbul edilmir. Yəni cəmiyyət üzvünün İKT-dən kənarda qalması qəbuledilməzdir”.
Alim bir maraqlı ştrixi də önə çəkdi: “Əslində informasiya cəmiyyəti biz şərqlilər üçün doğma cəmiyyətdir. Çünki biz metafizik, qapalı çevrədə həyat keçirdiyimizdən həmişə informasiya cəmiyyətində yaşamışıq. Yəni bu bizim həyat tərzimiz olub. Karvansaralar, meyxanalar, çayxanalar, xeyir-şər məclisləri, meydan tamaşaları hər kəsi informasiya daşıyıcısına, iştirakçıya çevirən məkanlar olublar. Burada sadəcə yüksək texnologiyalar deyil, insan amili əsas rol oynayıb”.
Deməli, istənilən halda biz incəsənətdə, teatrda qapalı nümayişdən qoparaq görülən işi lokallıqdan çıxararaq qlobal müstəviyə qaldırmalıyıq. Özü də hansısa teatrın tamaşasını “tənbəl” sayt və ya sosial şəbəkədəki hesabından səthi yanaşma ilə yox, düşündürəcək, izləyici toplaya biləcək formada.
Həmidə Nizamiqızı