Azərbaycanın tanınmış opera ifaçısı, Əməkdar artist, beynəlxalq müsabiqələr laureatı, Rusiya Böyük Teatrının solisti Elçin Əzizov yanvarın 26-da Nyu Yorkun "Metropoliten Opera" səhnəsində Pyotr Çaykovskinin "İolanta" operasının premyerasında çıxış edib. Tamaşanı ABŞ-da səfərdə olan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də izləyib.

Elçin Əzizov dünyanın ən nüfuzlu səhnələrindən birində təqdim olunan "İolanta" operasında əsas rollardan birini - mavritaniyalı həkim Ebn Hakianın partiyasını böyük müvəffəqiyyətlə ifa edib. Premyerada Elçin Əzizovla yanaşı, məşhur opera ifaçılarından Anna Netrebko da çıxış edib.
Amerika mətbuatı “Metropoliten Opera”da “İolanta”nın premyerasını “çox gözəl tamaşa”, “parlaq ifa” kimi rəylərlə qiymətləndirib.
Tamaşada əsas partiyaları Anna Netrebko, Pyotr Beçala, İlya Bannik, Aleksey Markov və Elçin Əzizov ifa ediblər. Dirijor pultunda isə maestro Valeri Georgiyev olub. Əsərin quruluşçu rejissoru Mariuş Trelinskidir.
Tamaşaçıların diqqətini çəkən məqamlardan biri də səhnə quruluşu olub. Səhnədə 3D effekti yaradılıb, mərkəzdə isə əsas hadisələrin baş verdiyi açıq otaq yerləşib.
Premyera “Metropoliten Opera”nın www.metopera.org saytında canlı yayımlanıb.
Sonda aparıcı ifaçıların çox gözəl səslərinin olduğunu vurğulayıb və əlavə edib ki, Elçin Əzizov “Metropoliten Opera” səhnəsinə çıxan ilk azərbaycanlıdır.
“İolanta” operası fevralın 14-dək davam edəcək.
Qeyd edək ki, Elçin Əzizov 1975-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. 2005-ci ildən başlayaraq vokal ifaçılığı üzrə görkəmli müğənnilərdən dərs alıb və təcrübə (Zalsburq "Mozarteum" Universitetinin yay akademiyası (Riçard Millerin sinfi), Bakıda Ş.Məmmədova adına Opera Studiyası (Azad Əliyev), Moskvada Qalina Vişnevskayanın Opera İfaçılığı Mərkəzi (Badri Maysuradze) keçib. 2008-ci ildən Rusiya Akademik Böyük Teatrının solistidir. Vokalçıların Bülbül adına III beynəlxalq müsabiqəsinin (Bakı, 2005), Qalina Vişnevskayanın opera artistləri II beynəlxalq müsabiqəsinin (Moskva, 2008) laureatıdır.