Rusiyanın Voronej Dövlət Opera və Balet Teatrı fevralın 19-da dünya şöhrətli Azərbaycan bəstəkarı Fikrət Əmirovun əfsanəvi “Min bir gecə” baletinin bu səhnədə nümayişinin 35 illiyini qeyd edəcək. Baletin Voronej teatrında premyerası 1980-ci ilin fevralında olub. Əsər 35 il ərzində teatrda 400 dəfədən çox oynanılıb.
Hazırda balet Rusiyanın və dünyanın ən böyük səhnələrində uğurla nümayiş etdirilir.
SSRİ Xalq artisti Fikrət Əmirov müsahibələrindən birində deyib ki, “Min bir gecə“ baleti bir çox mənada Voronej teatrının təşəbbüsü ilə Azərbaycanın hüdudlarını aşıb. Bəstəkar və quruluşçu heyət - quruluşçu baletmeyster Nailə Nəzirova, quruluşçu rəssam Toğrul Nərimanbəyov, kostyumlar üzrə rəssam Tahir Tahirov, repetitorlar 1980-ci ildə Bakıdan Voronejə dəvət olunub və möhtəşəm balet tamaşaya qoyulub. Baletin premyerası şəhərin mədəni həyatında böyük hadisəyə çevrilib.