Azərbaycan Dövlət Musiqili Teatrında yazıçı-dramaturq Əli Səmədlinin “Toya bir gün qalmış” komediyasının yaxın günlərdə premyerası keçiriləcək.
Əsər maraqlı və gözlənilməz situasiyalarla zəngindir. Övladının toyuna bir gün qalmış vəzifəli şəxs dünyasını dəyişir. Onun həyat yoldaşı isə bunu hamıdan gizlətməyi qərarlaşdırır. Fikirləşir ki, ərinin ölümü toyun təxirə salınması ilə yanaşı, onların bir sıra maraqlarına da zərbə vuracaq. Qəfildən kişi ayılır. Bəlli olur ki, o, kliniki ölüm keçirib. Baş verənləri bildikdən sonra dəhşətə gəlir və heç kimin gözləmədiyi qəribə bir qərar verir...
Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, musiqi tərtibatçısı Emin Həsənovdur. Musiqiləri tanınmış qarmon ustası Ənvər Sadıqov səsləndirəcək.
Baş qəhrəmanı Xalq artisti Afaq Bəşirqızı canlandırır. Digər obrazları Əməkdar artist Ələkbər Əliyev, aktyorlar Əliməmməd Novruzov, Gülcahan Salamova, Möylə Mirzəliyev, Gültac və Hüseyn Əlililər və başqaları ifa edirlər. Tamaşanın baletmeysterləri Yelena və Zakir Ağayevlərdir.