Fevralın 14-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında italyan bəstəkarı Pyetro Maskanyinin “Kənd namusu” operasının premyerası olacaq.
Teatrın rəhbərliyi əsərin səhnələşdirilməsi üçün Almaniya opera sənətinin tanınmış simalarını dəvət edib. Operanın quruluşçu rejissoru Lüdviq Bauman, dirijoru Korneliya fon Kerssenbrofkdur.
Uzun illər Münhen Opera və Balet Teatrında vokalçı və quruluşçu rejissor kimi çalışan Lüdviq Bauman hazırda Bavariya opera festivalının rəhbəridir. Korneliya fon Kerssenbrofk isə festivalın bədii rəhbəri və baş dirijorudur.
Operanın libretto müəllifi Q.Tarconi-Tosetti və Q.Menaşidir. Operanın əsas qəhrəmanları - öz məhəbbətinə hədsiz dərəcədə sədaqətli olan Santutsa, yüngül xasiyyətli, şıltaq Lola, ehtiraslı Turiddu və öz rəqibindən amansız qisas alan Alfiodur. Operanın italiyan xalq mahnılarının əsasında qələmə alınmış musiqisi əsərin kəskin süjet xəttinə uyğun olub, qəhrəmanların xarakterinin daha aydın şəkildə açılmasına yardım edir.
Premyerada Xalq artisti Qərinə Kərimova, əməkdar artistlər Fərid Əliyev, Səbinə Əsədova, Səbinə Vahabzadə, həmçinin Anton Ferştandt da çıxış edəcəklər. Səhnə əsərinin xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, konsertmeysteri Roza Məmmədovadır.