Azərbaycanda milli ədəbiyyatın inkişafına dəstək məqsədilə “Hədəf” nəşrlərinin təsis etdiyi “Anamın kitabı” ədəbi mükafatının pyes müsabiqəsi bu il ikinci dəfə keçirilir. 21 fevral - Beynəlxalq Ana Dili Günündə elan olunan müsabiqəyə əsərlərin qəbulu mayın 1-də başa çatacaq.
Layihənin ideya müəllifi filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq, müsabiqənin münsiflər heyətinin sədri Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylidir.
Müsabiqənin təşkilat komitəsi əsərlərin mətni üçün işarə sayı məhdudiyyətini ləğv edib.
Müsabiqəyə cari ilin avqustunda yekun vurulacaq, mükafatlandırma isə sentyabrda təşkil olunacaq.
Müsabiqəyə 40 yaşadək yazarlar pyeslərini təqdim edə bilərlər. Mövzu seçimi sərbəstdir. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və Kitabevim.az kitab mağazaları şəbəkəsinin təşkilatçılığı ilə təşkil olunan müsabiqənin qaliblərinə qiymətli hədiyyələr təqdim olunacaq. Əsərləri info@hedefnesrleri.az ünvanına göndərmək lazımdır.