“Buta” İncəsənət Mərkəzinin təşkilatçılığı ilə Londonda keçirilən II beynəlxalq Azərbaycan incəsənəti festivalı çərçivəsində Xalq yazıçısı Elçinin “Teleskop” əsəri əsasında hazırlanan eyniadlı tamaşanın premyerası olub. Tamaşa Londonda fəaliyyət göstərən Aloff Teatrı tərəfindən səhnələşdirilib. Teatrın prodüseri həmyerlimiz Sənan Əliyevdir. İngilis dilində immersiv tamaşa formasında ilk dəfə səhnələşdirilən “Teleskop”un rejissoru Metyu Qulddur.
İndiyədək müxtəlif ölkələrin teatrlarında səhnəyə qoyulmuş bu pyesin London premyerasında 11 nəfərlik aktyor heyəti yer alıb. Baş rolları tanınmış aktyorlar və televiziya ulduzları Kris Simmons və Tanya Frenks ifa ediblər.
Əsər öldükdən sonra cənnətə gedən yolun yarısında qalmış bir insandan bəhs edir. O, mələk-məmurların idarə etdiyi və sonuncu səyahətlərini səbirlə gözləyən digər ruhlarla dolu cənnətə gedən yol stansiyasına düşür. Keçmiş sevgilisinin ruhunun köməyi ilə sistemdən baş çıxarmağa çalışan kişi bu dünyada qoyub gəldiyi ailəsi və dostlarına - onların özü haqqında həqiqi düşüncələrinə göylərdən baxmaq üçün qeyri-adi bir imkan qazanır və bu zaman mühüm həqiqətləri aşkar edir.
Müəllif əsərdə müasirliyin üzərimizdə olan təzadlı təsiri haqqında cəlbedici və çoxqatlı müşahidələrini qeyd edir. Onun xarakterik qəhrəmanları çox vaxt sovet dövrü və hətta fantastika pərdəsi altında müasir Azərbaycan ruhunu təcəssüm etdirir. “Teleskop” Elçinin sərrast və eyni zamanda incə satirik üslubunun bütün əlamətlərini özündə birləşdirir.
Premyerada Britaniya ictimaiyyətinin nümayəndələri, bu ölkədə yaşayan həmvətənlərimiz, yerli və xarici sənətsevərlər iştirak ediblər.
Tamaşadan sonra jurnalistlərə müsahibə verən baş rolların ifaçıları Kris Simmons və Tanya Frenks əsərdə oynamaqdan məmnunluqlarını ifadə ediblər. Elçinin Azərbaycanın görkəmli yazıçılarından biri kimi Britaniyada tanındığını və çox sevildiyini diqqətə çatdıran aktyorlar əsərin səhnələşdirilməsi prosesi haqqında da məlumat veriblər: “Əsərin mövzusu əslində bütün insanlıq üçün maraqlıdır. Bunu dünya haqqında bilmədiyimiz və dərin maraqla qarşıladığımız mövzuların incəsənətdə təzahürü kimi də qiymətləndirmək olar. Hamı tərəfindən sevilən yazıçının əsərinin səhnələşdirilməsində baş rolları oynamaq böyük bir məsuliyyətdir. Ümid edirik ki, bunun öhdəsindən layiqincə gəlməyi bacarırıq”.
Tamaşa martın 7-dək nümayiş etdiriləcək.