Martın 10-da Qax Dövlət Kukla Teatrında Milli Teatr Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə teatrın direktoru Nazim Mahmudov sənət ocağının fəaliyyəti və qazandığı uğurlar barədə danışıb.
Bildirilib ki, rayon Mədəniyyət evinin nəzdində 1973-cü ildən dərnək, 1976-cı ildən isə xalq teatrı kimi fəaliyyət göstərən teatr 1992-ci ildə dövlət statusu alıb. Teatr 2005-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi “Qızıl dərviş” mükafatına layiq görülüb.
Ötən illər ərzində Qax teatrı dəfələrlə respublikamızda və xarici ölkələrdə beynəlxalq festivallarda iştirak edib. Hazırda teatrda Osman Abdullayevin “Vəfalı dostlar” əsəri üzərində məşqlər davam edir. Yaradıcı kollektiv, eyni zamanda Novruz şənlikləri ilə əlaqədar məktəblilər üçün xüsusi tamaşa da hazırlayır.