“Teatrımız fəaliyyətə başlayandan azərbaycanlı müəlliflərə daim xüsusi maraq göstərilib”
Vətənpərvərlik, türkçülük ruhunda tərbiyə, qarşılıqlı sənət mübadiləsi Cənubi Azərbaycanın “Mika” kukla-sənət qrupunun teatrı üçün xüsusi önəm daşıyır. Bunu Bakıya səfəri zamanı qəzetimizə müsahibə verən teatrın direktoru Ali Bernoun vurğuladı. Söhbətə İranda teatr, onun tarixi və hazırkı durumu barədə məlumatla başlayan müsahibim uşaq teatrına, kukla sənətinə olan diqqətdən söz açdı:
- İranda teatr zəngin tarixə malikdir. Daha çox mərkəzdə fəaliyyət göstərən teatrlar dövlətin diqqətindədir. Kino sənəti kimi teatra da münasibətdə maraqlı yanaşma var. İranlılar bu sinkretik sənət növünə maariflənmə, real həyatın səhnə həlli kimi baxdıqlarından klassikada da müasir yanaşma tələb edirlər.
- Təbrizin teatr həyatı barədə nə deyə bilərsiniz?
- Təbrizin teatr həyatı maraqlıdır və teatra münasibət də yaxşıdır. Heç bir tamaşamız diqqətdən kənarda qalmır. Bu mənada uşaq teatrına, kukla sənətinə münasibət ürəkaçandır. Valideynlər uşaqlarını teatra gətirmək vərdişinə yiyələniblər. Onlar Azərbaycan türkcəsində tamaşaya baxmaq, onun şirin ləhcəsini, milli adət-ənənələri, incəsənəti kukla sənəti estetikasında görüb uşaqlarına göstərmək üçün bizim teatrları seçirlər. Demək olar ki, bütün tamaşalarımız anşlaqla keçir.
- Ölkədə kukla teatrı ənənəsi barədə nə deyə bilərsiniz? Digər teatrlarla yaradıcı əlaqələriniz yetərli səviyyədədirmi?
- Hələ qədimdən xalq ayin və oyunlarında kukla teatrının bir çox növləri olub və onların bəziləri indi də qorunub saxlanmaqdadır. Ölkədə “Çömçəxatun”, “Mübarək” adlı iki festival da fəaliyyət göstərməkdədir. İranda dövlət teatrları azdır və onlar hamısı ölkənin mədəniyyət sahəsi üzrə müvafiq dövlət qurumuna tabedir. Bizim kimi sənət ocaqları müstəqil fəaliyyət göstərsə də, təbii ki, həmin qurumun nəzarətindədir. Onlar qastrol səfərlərindən festivallarda iştirakımızadək bir çox məsələlərdə bizə dəstək olurlar.
- “Mika” teatr qrupu hansı ehtiyacdan yarandı, fəaliyyətinizdə çətinlik oldumu?
- Təbrizdə peşəkar kukla teatrının olmamağı məni bu ideya ətrafında düşünməyə vadar etdi. Onu da deyim ki, şəhərimizdə kuklaçılar, yəni bu sənətlə məhdud çərçivədə məşğul olanlar çox idi. Lakin onu peşəkar səhnəyə daşımaq, qastrol səfərləri təşkil etmək, dünya arenasına çıxmaq elə də mümkün görünmürdü. Bunu nəzərə alaraq fəaliyyəti səyyar tamaşalarla məhdudlaşdırmamaq üçün teatr qrupunun yaranmasına nail olduq. 2006-cı ildən fəaliyyətə başlayan qrupun təşkilində ən vacib məqsədimiz balalarımıza kukla teatrı zövqünü yaşatmaq və sənətlə təmaslarına nail olmaq idi. Əslində mən Tehranda incəsənət istiqaməti üzrə təhsil almağa başlayandan bu məsələ ətrafında düşünürdüm və sonda onun reallaşmasına nail oldum.
- Janr və repertuar seçiminiz hansı prinsiplərlə müəyyənləşir?
- Biz hər nəsildən olan insanları nəzərdə tuturuq. Teatrımız sırf azyaşlılara mədəni xidmət göstərməklə kifayətlənmir. Çünki teatr bir incəsənət növü kimi insanlara mütləq şəkildə mənəvi qida verməlidir. Deməli, onları yaş qrupuna bölmək də yanlışdır. Valideynlər, nənə-babalar da tamaşalarımıza uşaqlar qədər maraqla baxırlar. Odur ki, biz həm də onların bəyənib izləyəcəkləri nümunələr seçməyə çalışırıq. Repertuar seçiminə gəlincə, dünya klassiklərinə də, yerli müəlliflərə də yer veririk.
- Azərbaycanlı müəlliflərin əsərlərinin səhnə həlli hansı səviyyədədir?
- Azərbaycanın yazıçı və dramaturqlarının əsərləri, Azərbaycan xalq nağılları səhnələşdirdiyimiz nümunələr arasında yer alır. Teatrımız fəaliyyətə başlayandan azərbaycanlı müəlliflərə daim xüsusi maraq göstərilib. İlk tamaşamız da “Cırtdan” olmaqla tamaşaçılar arasında tanınıb, sevilmişik. Azərbaycanlı müəlliflərin əsərlərinin səhnələşdirilməsi həm mədəniyyətimizin təbliği, həm də balalarımızın doğma dilimizə sevgi ruhunda formalaşması üçün, az da olsa, xidmətimizdir.
- Müasir azərbaycanlı müəlliflərdən kimlərə müraciət etmisiniz?
- Biz son olaraq istedadlı gənc yazıçı Səidə Haqverdiyevanın “Toplan” pyesi əsasında eyniadlı tamaşanı hazırlayıb təqdim etdik. Səhnə işi böyük maraqla qarşılandı və qısa zaman ərzində 10 min nəfərdən yuxarı tamaşaçı izlədi. Bu istiqamətdə əməkdaşlığı bundan sonra da davam etdirmək istəyirik.
- Azərbaycandakı kukla teatrları ilə əlaqələriniz varmı?
- Biz qarşılıqlı qastrol səfərləri, mübadilə, yaradıcı tərəfdaşlıqda maraqlıyıq. Çünki Azərbaycandakı peşəkar kukla teatrlarından öyrənəcəyimiz çox şey var.
- “Mika” teatrının beynəlxalq festival yolu necə, açıqdırmı?
- Fəaliyyətimizin ilk ilindən yerli və beynəlxalq festivallarda iştirak etməkdəyik. Bu sırada Rusiya, Serbiya və Türkiyədəki ənənəvi kukla teatrı festivallarını xüsusi qeyd etməliyəm. Biz Yaponiya, Serbiya və Sloveniyadakı kukla festivallarında da iştirak edəcəyik. Həmçinin noyabrda Bakıda keçiriləcək “Cırtdan” III Beynəlxalq Kukla Teatrları Festivalı bizim üçün xüsusi əhəmiyyət kəsb edir.
- Bakıya qastrol səfəri planlarınız varmı?
- “Toplan” tamaşası ilə paytaxtınıza səfər etmək istəyirik. Artıq bu istiqamətdə danışıqlar gedir. Eləcə də A.Şaiq adına Dövlət Kukla Teatrının bir neçə tamaşa ilə Təbrizdə çıxış etməsinə çalışırıq.
Həmidə Nizamiqızı