Kukla tamaşalarının hazırlanması üçün yeni vasitələr tapılmalıdır
Teatr sənətinin mürəkkəbliyindən, insanların mədəni tərbiyə və dünyagörüşünün formalaşmasında yerindən söz düşərkən kukla teatrının önəmi xüsusi vurğulanır. Bu da təsadüfi deyil. Çünki məhz bu teatrlar sayəsində yetişən nəsillərin incəsənətlə əlaqəsi yaranır, real həyatın səhnələşdirilmiş modelinə münasibəti formalaşır.
Ölkədə fəaliyyət göstərən 4 kukla teatrının rəhbərləri ilə müasir dövrün uşaqları və onların teatra münasibəti barədə danışdıq. A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadənin fikrincə, müasir dövrün uşaqlarını teatra cəlb etmək üçün onların dünyasına varmağı bacarmaq, uşaqlar kimi hiss edib məsələlərə həssas yanaşmaq vacibdir: “Çox vaxt müasir effektlər, vizual elementlər, ümumilikdə azyaşlıların cizgi filmləri və kompüter oyunlarında gördüklərinin səhnə həllini istəyirlər və bu yolla maraq cəlb etməyin mümkünlüyünü dilə gətirilər. Məncə, bu yanlış yanaşmadır. Çünki teatr sənət məbədi, maariflənmə məkanıdır və onun səhnəsində peşəkarlıq olmalıdır. Kukla teatrı uşaqlar üçün çox önəmli rol oynayır. Uşaqlar teatr məkanı ilə ilk dəfə məhz kukla teatrı vasitəsilə tanış olurlar. Ona görə də hansı personajın təsvir edilməsindən asılı olmayaraq, uşaqlarla işləyən rejissor və aktyor bütün jestlərin yumşaq olmasına fikir verməlidir. Teatrda hər kəs möcüzə görmək istəyir, amma unutmaq lazım deyil ki, indiki uşaqları möcüzəyə inandırmaq çox çətindir. Bu səbəbdən də tamaşaları hazırlayarkən səmimi olmaq lazımdır. Bundan başqa, kukla teatrının aktyorları vokal bacarıqlara da malik olmalıdır. Bizim teatrda səhnə arxasında fonoqramla səslənən musiqinin mahnılarını çox vaxt aktyorlar özləri oxuyur. Kukla tamaşalarının hazırlanması üçün yeni vasitələr tapılmalıdır. Amma bu zaman əsərin orijinalını pozmamaq şərtdir”.
Hazırda əsaslı təmirə dayandığından daha çox səyyar tamaşalar göstərən Gəncə Dövlət Kukla Teatrının direktoru Bayram Fətəliyev tamaşaçı münasibətindən məmnunluqla danışdı: “Uşaqları kukla teatrına cəlb etmək üçün müasir dövrün tələbləri var və bunu gözardı etmək mümkün deyil. Biz də bunu nəzərə alaraq tamaşalarımızda müəyyən elementlərdən istifadə etməyə çalışırıq. Amma sırf müasirlik xətrinə ənənələri də unuda bilmərik. Buna görə də biz repertuarda klassik nümunələrə, daha çox xalq nağıllarımızın yeni üslubda işlənməsinə çalışırıq. Onu da deyim ki, hər tamaşanın öz izləyicisi var və uşaqlar milli nümunələrə, xalq nağıllarımıza, tanış qəhrəmanlara və mövzulara daha çox maraq göstərirlər. Bu mövzu ətrafında danışarkən tamaşaçı münasibətini xüsusi qeyd etməliyəm. İstər Gəncə, istərsə də səfərdə olduğumuz qonşu rayonların balaca teatrsevərləri bizi daim maraqla izləyirlər. Bu da uşaqların teatra münasibəti, onların estetik zövqü baxımından vacibdir”.
Qax Dövlət Kukla Teatrının direktoru Nazim Mahmudov uşaqlar üçün tamaşa hazırlamağın məsuliyyət tələb etdiyini, buna görə istedadla yanaşı azyaşlılara sevginin vacib amil olduğunu dedi: “Teatrımız uşaq dünyasına rəng qatmaq, balacaları səhnəyə, böyük sənətə bağlamaq üçün fəaliyyət göstərir. Həmçinin öz tamaşalarımızla biz balacalara estetik zövq aşılayırıq. İstər sovetlər dövründə, istərsə də ölkəmiz müstəqillik əldə etdikdən sonra iştirakçısı olduğumuz beynəlxalq teatr festivalları, əldə etdiyimiz uğurlar buna əyani sübutdur. Teatr həm tamaşaçı, həm də tamaşa baxımından inkişaf edir. Əsas problemimiz təhsilli aktyor və aktrisaların olmamağıdır. Hazırda teatrda çalışan aktyorlar orta təhsili olanlardır. Orta məktəbdən sonra onlar bizdə kurs keçib, işə başlayıblar. Ümumiyyətlə, bizdə kadr yoxdur".
Salyan Dövlət Kukla Teatrının direktoru Yavər Cəbrayılovun fikrincə, göstərilən bütün tamaşalar mütləq uşaqların mənəvi tərbiyəsinə, mədəni səviyyəsinin, dünyagörüşlərinin formalaşmasına xidmət etməlidir: “Bu günə qədər teatrın repertuarında 60-dan çox tamaşa oynanılıb və bu prinsip daim əsas götürülüb. Tamaşalarımız Salyanla yanaşı, Neftçala, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Biləsuvar, Cəlilabad, Masallı rayonlarında da nümayiş etdirilir. Əminliklə deyə bilərəm ki, uşaqlarda kukla teatrına, bu sənətə maraq və sevgi var”.
Həmidə Nizamiqızı