və ona dair yüzlərlə əsərdən ən yenisinin - “Cümhuriyyətin ilk sədası”nın premyerası

Hələ premyera öncəsi keçirilən “konfrans” formatlı tədbirdə major-minor notlu çıxışlar, ürək qatlı nitqlər, tarixi-informativ xatirələr! Məram-mahiyyətcə dünya davaları içrə beş-üç ən ədalətlisindən, ən qeyri-bərabərindən (və ən qaçılmazından!) biri olan Çanaqqala savaşının 250 minə yaxın şəhidini ağılayıb-sayğılayan, on minlərcə qazisini öygüləyib-sevgiləyən və silah-sursatdan çox, milli qəlblər hesabına qazanılmış qələbəsini ağırlayıb-uğurlayan kolorital bir yığıncaq...

Ötən istirahət günü R.Behbudov adına Mahnı Teatrında düzənlənən və mənə ayrıca-alayıca bir rəsmi-rasional tamaşa təsiri də bağışlayan yığıncaq başa çatcaq, İrəvan Dövlət Azərbaycan Dram Teatrının truppası türkiyəli yazıçı Demet Çizmelinin “Cümhuriyyətin ilk sədası” əsəri əsasında hazırladığı tamaşaya başladı.
Teatrın ədəbi hissə müdiri - sənətşünaslıq üzrə fəlsəfə doktoru Nərminə Ağayeva ilə hələ yığıncaqdan öncə başlayıb, çıxışlar və tamaşa pauzaları zamanı xısın tonda söhbət-dialoqumuzu tədbirdən sonra mətbu müsahibə aspektində davam etdirdik:

- Nərminə xanım, gözəl təəssüratla ayrıldığımız bu tədbir-tamaşanın məğz-mahiyyət nüvəsinə Siz daha yaxın, daha bələdsiz və buyurun...
- Məşhur Çanaqqala zəfərinin 100-cü ildönümü münasibətilə Türkiyə Cümhuriyyəti Anadolu Aydınlar Ocağı, Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı və C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının birgə həyata keçirdiyi və Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidən Hazırlanma İnstitutu, Binəqədi rayon Ziyalılar Cəmiyyətinin də təmsil olunduğu “Çanaqqala zəfəri” adlı bu layihədə, şahidi olduğunuz kimi, Türkiyə ziyalılarından ibarət böyük heyət də iştirak edirdi.
- Amma bu, sadəcə iştirakçılıq yox, çox sıcaq bir müştərəkçilik idi!..
- Bəli. Anadolu Aydınlar Ocağının başqanı, hörmətli professor, hərbçi-polkovnik, tarixçi İbrahim Öztekin “Dünəndən bu günə erməni yalanları və Xocalı soyqırımı” kitabının təqdimat mərasimi əbədi Azərbaycan-Türkiyə xalqları və aydınları birliyinin növbəti qardaşlıq toplantısı ab-havasında keçdi.
- Bu yığıncağa həm də alovlu natiq təsiri bağışlayan türkiyəli aydın İbrahim bəy, səmərəli fəaliyyəti ilə ictimaiyyətimizə yaxşı tanış olan - “Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyi”nin rəhbəri (və sözügedən kitabın məsləhətçisi) Emin Həsənli, sizin teatrın direktoru (və bu layihənin rəhbəri) İftixar Piriyevdən başqa, daha kimlərin adlarını xüsusi qeyd etmək istərdiniz?
- Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Ramiz Mirzəyev, Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı İctimai Birliyinin sədri Vüqar Qədirov, professor Asəf Zamanov, Türkiyə Cümhuriyyəti səfirliyinin müşaviri Meral Barbus, Qarabağ qazisi, “İkinci Qarabağ müharibəsi” kitabının müəllifi Şahin Qədirov...
- Çıxışları ilə çox atəşin, tamaşası ilə çox milli-duyğusal bu tədbirdə iştirak etmək fürsəti olmayan oxucularımıza daha nələr demək istərdiz?
- Bütün dünyaya bəllidir ki, ermənilər zaman-zaman Türkiyə və Azərbaycan türklərinə qarşı soyqırımları törətmiş, “əvəzində” isə, özlərinin “soyqırımı”na məruz qaldığını bəşər diqqətinə sırımağa çalışmışlar. Yüz illərin bu yalanını və onların Xocalı həqiqətini öz məqalə və kitablarında əks etdirən İbrahim bəy uzun illərdir Türkiyədə və Azərbaycanda bax bu sayaq alovlu görüşlər, konfranslar da keçirir. Həyatının mənasına çevirdiyi Azərbaycan və Türkiyə xalqlarının milli müsibətlərlə müşayiət olunmuş tarixlərinin tədqiq-incələmələri, yadellilərdən aldıqları namərd zərbələrin informativ açılımları ilə bağlı çox gərgin, məhsuldar işlər aparır. O bunu Azərbaycanda nəşr edilən və indicə təqdimatı keçirilən “Dünəndən bu günə erməni yalanları və Xocalı soyqırımı” kitabı ilə bir daha sübut etmiş oldu.
- Nərminə xanım, Sizə də elə gəlmədi ki, artıq tarixə çevrilmiş Çanaqqala zəfəri ilə xəyal-real yaxınlığımızda olan Qarabağ qələbəmiz arasında paralellər də notlandı bu yığıncaqda...
- Təbii... Hamının, hər kəsin yaxşı tanıdığı, təfəkküründən cəsarətinə - hər üzünə bələd olduğu ermənini “tərəf”, “rəqib” təsəvvür etməyin özü belə adama pis gəlir. Amma nə edəsən ki, tarixən qəsdlər-qəsbkarlıqlar hesabına güclənmiş havadarları var! Əgər həmin dövlətlər bu əsil-nəsilsiz ədavət toplumunu müdafiədən əl götürüb, ədalət məntiqinə gəlsələr, toxunduğunuz “xəyal-real yaxınlığı” bir addımlıqdan o yana deyil...
- Hansı ki, bunların bugünkü havadarları da yüz il öncə Türkdən layiqli cəzalarını almışdılar.
- Bəli, bir çox Avropa dövlətinin şanlı Türk ordusu tərəfindən layiqli cəza aldığı Çanaqqala savaşında - çoxu şəhid olmuş yüzlərlə soydaşımız da iştirak etmişdir. Necə ki, bu tədbirdə onların hamısı birlikdə, habelə, Sarıqamış, Xocalı, 20 Yanvar və digər məkan-zaman şəhidlərimiz birlikdə anıldı, ruhlarına sayğı-duyğu dolu kəlamlar söyləndi, “Biz sizinlə birlikdəyik!” kimi nidalar, “xeyirxah Atilla fəthini, himayəedici Osmanlı qılıncını unudanların yaddaşlarını təzələməkmi gərək” məzmunlu suallar səsləndi.
- Bir neçə kəlmə də teatr truppanızın təqdim etdiyi tamaşa barədə...
- Bəlli olduğu kimi, 24 apreldə Türkiyədə Çanaqqala zəfərinin möhtəşəm kutlanma mərasimləri keçiriləcək və biz - qədim İrəvanımızın adıyla bağlı teatr olaraq - həmin törənə Türkiyədən öncə başlamağı qərarlaşdırdıq. Türk yazarı Demet Çizmelinin “Cümhuriyyətin ilk sədası” adlı tarixi-xronoloji dramı əsasında hazırlayıb premyerasını təqdim etdiyimiz bu tamaşada böyük Atatürk və Kazım Qarabəkir paşanın Ərzurum Konqresi dövründən sonra Türkiyə Cümhuriyyətinin ilk yaranma tarixi və sonrakı mərhələsi əks olunur. Tamaşada Natiq Həziyev - Mustafa Kamal Atatürkün, Əhliman Ərşadlı - Kazım Qarabəkirin, V.Kərimov, E.Şahbazova, N.Səfərəliyev, Ə.Zeynalov, E.Hacıyev, R.Cəfərov və başqa aktyorlar digər tarixi şəxsiyyətlərin obrazlarını yaratdılar.
- Son olaraq...
- Deyim ki, daim genişmiqyaslı layihələr həyata keçirməkdə olan İrəvan teatrı yaxın-uzaq qastrol səfərlərində ölkəmizin kompleks mədəniyyət aləmini layiqincə təmsil edir. Aprelin 26-27-28-də Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və Gürcüstanın müvafiq nazirliyinin dəstəyilə Tbilisidə həyata keçirəcəyimiz “Qafqazda sülh tərəfdarıyıq” adlı növbəti beynəlxalq layihə də bu qəbildəndir. Bizim teatrın bazasında Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrının kollektivi ilə birgə hazırlanmış “Didro” (N.Dumbadze) tamaşası qonşu ölkə paytaxtının Gənc Tamaşaçılar Teatrı səhnəsində nümayiş olunacaq.

Tahir Abbaslı