Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və ölkəmizin Los Ancelesdəki Baş konsulluğunun birgə dəstəyilə Los Ancelesdə Azərbaycana dair beş yeni sənədli film ekranlaşdırılıb. Filmlər yerli kanallarda nümayiş olunub.
Sənədli ekran əsərlərində Azərbaycanın zəngin mədəniyyəti, tarixi, təbiəti, turizm potensialı və coğrafi mövqeyi barədə məlumat verilir, ölkəmizin multikulturalizm və dini dözümlülük ənənələrindən, Azərbaycanda müsəlmanların, yəhudilərin, xristianların, eləcə digər etiqad daşıyıcılarının sülh və əmin-amanlıq şəraitində birgə yaşamasından söhbət açılır.
Filmlərin əsas süjet xətti ölkəmizin təkrarolunmaz maddi-mənəvi dəyərlərini estetik çalarlarla tamaşaçılara təqdim etməkdən ibarətdir. Tamaşaçı hər bir filmdə Azərbaycanın sevilən xalq və bəstəkar mahnılarının müşayiəti ilə ölkəmizin tarixi-mədəni irsinə, eləcə də füsunkar təbiətinə vizual səyahət edir. Filmlərin professional quruluşu və rəngarəng kadrları uzaq ABŞ tamaşaçısında Azərbaycana maraq və rəğbət hissi oyadır.
Sözügedən filmlər ABŞ-ın 20-dən çox televiziya kanalında nümayiş olunub və il ərzində Kaliforniya da daxil olmaqla ABŞ-ın 21 ştatında fəaliyyət göstərən 50 kanalda yayımlanması, eləcə də müxtəlif film festivallarında nümayişi nəzərdə tutulur.
Filmlərin istehsalı Los Ancelesdə fəaliyyət göstərən “Econews” teleradio şirkəti tərəfindən həyata keçirilib. Sənədli filmləri üç dəfə “Emmi” mükafatına nominant olmuş şirkət ABŞ-da ətraf mühit və turizmlə bağlı radio-televiziya proqramlarının hazırlanması ilə tanınır. Filmlərin çəkilməsi məqsədilə proqramın prodüseri Nensi Perlmanın rəhbərlik etdiyi çəkiliş qrupu Bakıda və Azərbaycanın bir sıra regionlarında səfərdə olublar.