Azərbaycanın ədəbi ictimaiyyətinə ağır itki üz vermişdir. Xalq şairi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Söhrab Əbülfəz oğlu Tahiri 2016-cı il mayın 4-də ömrünün 90-cı ilində vəfat etmişdir.
Şairin vəfatı ilə bağlı ölkə başçısı İlham Əliyev, dövlət və hökumət rəsmiləri, elm, mədəniyyət və ədəbiyyat xadimləri adından rəsmi nekroloq yayılıb. Nekroloqda qeyd edilir ki, Söhrab Tahiri 1926-cı il mayın 27-də İranın Astara şəhərində anadan olmuşdur. Sonralar o, ailəsi ilə birlikdə Kirmanşah şəhərinə köçərək orada orta məktəbdə oxumuş və “İran-ingilis neft şirkəti”ndə çalışmışdır. Təhsilini davam etdirmək məqsədilə Bakıya gələn Söhrab Tahiri 1946-1950-ci illərdə Bakı Hərbi Məktəbinin, 1952-1957-ci illərdə isə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin tələbəsi olmuşdur.
1959-1961-ci illərdə Moskvada müdavimi olduğu Qorki adına Ali Ədəbiyyat kursunu bitirdikdən sonra Bakıya qayıdan Söhrab Tahiri “Azərbaycan” jurnalı redaksiyasında məsul katib, “Azərbaycan” qəzetinin və “Azərbaycan” jurnalının redaksiyalarında bədii şöbələrdə müdir, “Səhər” ədəbi-tarixi jurnalında baş redaktor müavini, 1984-cü ildən “Azərbaycan” jurnalının redaktoru, 1986-1991-ci illərdə isə Azərbaycan Yazıçılar Birliyi şeir şurasının sədri işləmişdir.
Şair 1993-2003-cü illərdə AMEA Milli Münasibətlər İnstitutunun, 2003-cü ildən isə Şərqşünaslıq İnstitutunun əməkdaşı olmuşdur.
Ədəbiyyat aləminə 1949-cu ildə “Azərbaycan” qəzetində dərc edilmiş şeiri ilə gələn şair həyatının altmış ildən artıq bir dövrü ərzində ədəbi söz xəzinəmizə dəyərli töhfələr vermişdir. Söhrab Tahiri poeziyası ənənəyə yaradıcı münasibətilə səciyyələnmiş və özünəməxsus obrazlılıq tərzi, üslub keyfiyyətləri, poetik axıcılığı sayəsində daim oxucularının rəğbətini qazanmışdır. Ana dilinə hədsiz məhəbbətlə yanaşaraq onun misilsiz bədii imkanlarından məharətlə faydalanan sənətkarın yaradıcılığı milli-mənəvi dəyərlərin təbliğinə, vətənpərvərlik hisslərinin aşılanmasına xidmət göstərir. Poeziyamızın azadlıq ideyaları ilə zənginləşməsində və gənc nəslin tarixi-mədəni irsə bağlılıq ruhunda tərbiyəsində onun yaradıcılığının böyük əhəmiyyəti vardır.
Söhrab Tahirinin 30-dan çox kitabda toplanmış şeir və poemalarının, hekayə, povest və romanlarının başlıca leytmotivini Azərbaycana dərin bağlılıq, xalqın azadlıq uğrunda mübarizəsinin və zəngin mənəvi dünyasının tərənnümü təşkil edirdi. Bütün yaradıcılığı boyu azərbaycançılıq məfkurəsinə sadiq qalan şair Azərbaycan xalqının əsrlər boyu yaşadığı mürəkkəb tarixi keçmişin ən keşməkeşli mərhələləri ilə bağlı fikir və düşüncələrini əsərlərində məharətlə əks etdirmişdir. Onun parlaq bədii dillə qələmə aldığı bu əsərlər xalq ruhuna dərindən bağlılığı və geniş epik lövhələrin zənginliyi ilə seçilir. Söhrab Tahiri şeir və nəsrlə yanaşı, ədəbi-tənqidi və publisistik məqalələrin müəllifi kimi də tanınırdı.
Söhrab Tahirinin uzunmüddətli ədəbi fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə görə bir sıra fəxri ad və medallarla təltif edilmiş, Azərbaycan Respublikasının ali dövlət mükafatlarından olan “Şöhrət” ordeninə layiq görülmüşdür.
Xalq şairi Söhrab Tahirinin əziz xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
* * *
Mayın 5-də Təzəpir məscidində Xalq şairi Söhrab Tahiri ilə vida mərasimi keçirilib.
Mərasimndə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şairin tabutu önünə Azərbaycan Respublikasının Prezidenti adından əklil qoyulmuşdu. Cənazənin ətrafına Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, müxtəlif idarə və təşkilatların adından əklillər, tər qızılgüllər düzülmüşdü.
Söhrab Tahirinin qələm dostları, poeziya sevərlər, tanınmış elm və mədəniyyət xadimləri məscidə gələrək görkəmli şairə və gözəl insana son borclarını veriblər.
Sonra şair son mənzilə yola salınıb. Mərhum II Fəxri xiyabanda torpağa tapşırılıb.
Allah rəhmət eləsin.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar