Azərbaycan Dövlət Musiqili Teatrı 105-ci mövsümünün başa çatması ilə əlaqədar yaradıcılıq fəaliyyətləri ilə seçilən əməkdaşlarını mükafatlandırıb. Mərasimdə çıxış edən teatrın direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev qeyd edib ki, mövsümün yekunlarının bayram əhval-ruhiyyəli tədbirlə dəyərləndirilməsi xüsusilə gənclərin gələcək fəaliyyətlərində mühüm rol oynayacaq, onlara böyük stimul verəcək.
Sonra mükafatlar təqdim edilib. Gültac Əlili "Mövsümün aktrisası", Amil Həsənoğlu "Mövsümün aktyoru", Cəlalə Novruzlu "Mövsümün ən yaxşı balet artisti", Səma Cəfərova "Mövsümün ən yaxşı xor artisti", Hacı Məmmədov "Mövsümün ən yaxşı musiqiçisi (orkestr artisti)", Yelena Almazova "Mövsümün ən yaxşı sex rəisi", Məcid Hüseynov "Mövsümün ən yaxşı texniki işçisi" mükafatına layiq görülüb. Əzizağa Əzizov "Mövsümün sevilən aktyoru", Əliməmməd Novruzov "Mövsümün prespektivli aktyoru", Svetlana Bulax "İlin yubilyarı" və Nabat Səmədova "Günün yubilyarı" seçilib.
Əməkdar incəsənət xadimi Əsgər Əsgərovun quruluş verdiyi "Toya bir gün qalmış" tamaşası isə "İlin ən yaxşı tamaşası" nominasiyasının qalibi olub.
Mərasimdə Xalq artisti Hüseynağa Sadıxovun ailəsinin sənətkarın adına təsis etdiyi “Büllur alma" mükafatı Əməkdar artist Səidə Şərifəliyevaya və aktyor Səmədzadə Xasıyevə təqdim olunub.
Aktyorlar Emil Heydərov, Marina Litvinenko, Mehriban Zalıyeva və Elnarə Nağdəliyeva mövsüm boyu səmərəli fəaliyyətlərinə görə Azərbaycan Teatr Xadimləri İttifaqının fəxri diplomları ilə təltif olunublar.