“Heç kim tənqidin, yaradıcı yanaşmanın, inkişafa yönələn iradın əleyhinə deyil. Sadəcə, bu, peşəkar və qərəzsiz olmalıdır”

Teatr və onun ətrafında, xüsusən də rəngli pərdələri arxasında hər zaman müəyyən söz-söhbətlər, sənət və ya şəxsi kontekstdə mübahisələr, hətta münaqişələr olub və olacaq. Təbii ki, belə sənət və sənətdən uzaq dedi-qodular bizim teatrlardan da yan keçmir. Son vaxtlar Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı ilə mətbuatda yer alan mülahizələr də bu qəbildəndir. Ayrı-ayrı fərdlərin mübahisə və münasibətlərinin ümumilikdə Azərbaycan teatrının adına yazılması isə bu sənətin təəssübünü çəkən hər kəsi haqlı olaraq narahat edir.
Bugünlərdə özünü sənətşünas kimi təqdim edən Ənvər Börüsoy adlı şəxsin imzası ilə dərc olunan məqalənin (“Azdramanın azmış dramı”) yaratdığı narahatlıq da bu qəbildəndir. Məqalədə akademik teatrın direktoru və onun bir neçə aktyorunun adının hallanmasına, iftira dolu ifadələrin yer almasına etiraz edən üç Xalq artisti - Bəsti Cəfərova, Ramiz Novruz və Cəfər Namiq Kamal fikirlərini bizimlə bölüşdülər.


Xalq artisti Bəsti Cəfərova haqqında məqalədə qeyd olunan məqamların tam böhtan olduğunu və müəllifin kimlərinsə sifarişi ilə bu fikirləri irəli sürdüyünü bildirir.
- Son vaxtlar mənə qarşı təzyiqlər, hücumlar artıb. Bunlara birtəhər göz yummaq olardı, amma mənim səbir kasamı daşıran məlum şər dolu məqalə oldu. Bu Börüsoy kimdir, bilmirəm, ancaq sənətşünas olduğunu deyirlər. Maraqlıdır, görəsən o, hansı sənətin şünasıdır ki, mən onu tanımıram. Əgər bu adam teatrşünasdırsa, o zaman niyə mən onu tanımıram?! Halbuki 37 ildir sənətdəyəm. Bir dəfə Börüsoy adlanan sənətşünasın bir yazısına və məqaləsinə rast gəlməmişəm. İndi bu adam birdən meydana çıxır və guya teatrımızın təəssübünü çəkir. Məqaləsində mənimlə Ramiz Novruzun adını üç dəfə çəkib və hər ikimizi "istedadsız" adlandırıb. Həm Ramiz Novruz, həm də mən bizim yaşda olanlar arasında Xalq artisti adını ilk alan aktyorlarıq. 38 yaşımda Xalq artisti adı almışam. Əcəba, biz istedadsız sayılırıqsa, bəs onda istedadlı kimdir?
Ümumiyyətlə, bu məqalə kimlərinsə göstərişi, sızdırdığı yalan, şər dolu informasiya əsasında, həm də çox savadsız yazılıb. Teatrda baş verən proseslər ya gec, ya da zamanından əvvəl ötürülüb ona və təbii ki, o da bunun fərqinə varmadan ağlına gələni yazıb.
Teatrın qastrol səfərləri və onunla bağlı sadəcə mühasibatlığa aid məqamları o haradan bilə bilərdi? Nə bizimlə qastrola getməyib, nə də teatrın daxilində olmayıb. Belə olan halda aydın olur ki, o bu yalan məlumatlarla tam təmin olunub.
Bəsti xanım məqalədə qeyd olunan digər irad - hazırladığı “Nağıllar aləmində” tamaşası ilə bağlı fikirlərə də aydınlıq gətirdi:
- İstedadlı tələbələrimlə, gənclərlə xalq nağılları əsasında uşaq tamaşası hazırlamışam və onu teatrşünaslar, teatr tənqidçiləri üçün deyil, xüsusən uşaqlar üçün səhnələşdirmişəm. Rejissor kimi quruluş verdiyim tamaşa isə çox bəyənilib. Maraqlıdır, görəsən, tamaşa hazırlamağım Börüsoya niyə belə təsir edib? Əslində bunun bünövrəsi bu il fevralın 3-də teatrda "Nağıllar aləmində" tamaşasının hazırlanmasına dair əmrin verilməsindən sonra qoyuldu. Bu söz-söhbətlərin nüvəsi olan həmin qrup əmrdə ifaçıların ancaq gənclərdən ibarət olduğunu, onlara meydan verildiyini görüb bundan narahat olmağa başladı. Deyirlər ki, akademik teatrda uşaqlar üçün tamaşa oynamaq olmaz. Bu qaydanı kim qoyub və ya bizim teatrın təcrübəsində belə tamaşalar olmayıbmı? Gənclərə mane olmaq, mənfi təsir edib sənətdən küsdürməkdənsə, onlara dəstək olmaq lazımdır. Çünki biz heç birimiz səhnədə əbədi olmayacağıq və yeni nəsillər yetişməli, səhnəyə gəlməlidir.
Başqa bir şişirdilmiş məqam yanvarın 17-də göstərilən "Nazirin xanımı" tamaşasında yaşanan konfliktlə, daha doğrusu, onun təhrif olunmuş formasının mətbuata ötürülməsi ilə bağlı idi. Bu məsələyə də münasibət bildirmək istəyirəm ki, qoy oxucular lazımi qiyməti verə bilsinlər. Deməli, mən səhnədə monoloqumu deyirəm, həmin cavanlar isə kənarda dayanıb zarafat edirlər. Bu məqam mizandan kənara çıxdığından məni narahat etdi və sözümü deyə-deyə bunlara yaxınlaşıb astaca təpindim. Nə yazıq ki, heç tükləri də tərpənmədi. Birtəhər çıxışımı başa vurdum və səhnə arxasına keçən kimi tamaşanın rejissoruna “gələn tamaşada o qız mənim yanımda olmayacaq”, - dedim. Bunu deməyə mənim ixtiyarım çatır, hətta təcrübəm də imkan verir. Çünki teatrın Bədii Şurasının üzvüyəm. Qıza töhmət verildi. Doğrusu da bu idi. Çünki tamaşanın qalan səhnələrinə də çıxmamışdı. Bax bu hadisə mətbuata başqa cür sızdırıldı. Mənə maraqlı olan başqa məqamdır. Bu hadisə yanvarın 17-də baş verdiyi halda fevralın 10-da mətbuata çıxarıldı. Təbii ki, bu da hazırlayacağım tamaşanı gözdən salmaq, mənə mane olmaq, sənətimə xələl gətirmək kimi uğursuz, cəfəng cəhdlərdən biri idi.
Rəy yaratmağa çalışdılar ki, guya mən gəncləri sıxışdırıram, onlara danışmaq imkanı vermirəm. Əgər mən gəncləri sıxışdırıramsa, onda niyə onlarla tamaşa hazırlayıram? Niyə gəncləri teatra cəlb edirəm? Bütün bunlar məni yorub, əsəblərimi tarıma çəkib. Niyə gedib öz işləri ilə məşğul olmurlar, şərlə, böhtanla zaman keçirirlər, bilmirəm.
Əslində bu hədyan dolu məqalə də digərləri kimi sırf rəhbərliyi, teatrın direktorunu gözdən salmağa yönəlib və onlar İsrafil İsrafilovla bağlı mülahizələrinə öz işi ilə məşğul olan, heç bir şər-böhtana qoşulmayan mənim kimi insanların da adını qatırlar. O məqalədə deyilən bütün fikirlər, haqqımdakı iradlar tam bir qərəzin nəticəsidir. Məni və sənətimi xalqım, dövlətim qiymətləndirib və bu mənə yetərlidir.
* * *
Məqalədə “istedadsız rejissor” deyə adı keçən Xalq artisti Ramiz Novruz isə müəllifin özünün teatrdan xəbərsiz olduğunu deyir.
- Təcrübəli aktyor rejissor ola bilər və bu, sırf yaradıcılıq məsələsidir. Təbii ki, tamaşaya qiyməti teatr mütəxəssisləri, teatrsevərlər verir. Digər tərəfdən, aktyor zəif rol oynayırsa və ya sadəcə işinə məsuliyyətsiz yanaşırsa, direktor ona nə etsin? Ümumiyyətlə, bu məqalə kimlərinsə istəyi ilə yazılan və teatrı gözdən salmağa, kimlərəsə qara yaxmağa hesablanan şərdən başqa bir şey deyil. Unutmayaq ki, direktoru bu vəzifəyə aktyor təyin etmir. Axı sizin rəhbərliklə nə işiniz? Gəlin, həvalə olunan işinizi görün, aktyor kimi səhnədə sözünüzü deyin və alqışınızı alıb gedin. Axı bizləri bu sənətə sevgi ruhunda kökləyən ustadlarımız bunu öyrədiblər. Niyə bizlər sənət mübahisələri, yaradıcı dialoqlar əvəzinə belə şərə zaman sərf etməliyik?
Əslində, mən o müəllifi də yaxşı tanıyıram, istəklərinin də nədən ibarət olduğunu bilirəm. Sadəcə deməliyəm ki, təəssüflər olsun bu cür şərə, böhtana, riyaya, kimlərinsə diktəsinə boyun əyib. Kim deyir ki, tənqid olmamalıdır və ya kimlərsə hansısa tamaşa və aktyor haqda fikir yürüdə bilməz. Sadəcə, bu, peşəkar və qərəzsiz olmalıdır. Səhnə müqəddəsdir, bunu unutmamaq şərti ilə gəlib siz də bacarığınızı göstərin. Məqalədə məni incidən bir məqam “Yuğ” teatrı ilə bağlı məsələ idi. Məgər teatrlar düşməndir və onların birlikdə çalışması qəbahətdir? Niyə düşünürlər ki, yalnız bizim aktyorlar başqa teatrlara gedə bilər, amma yaradıcı, istedadlı həmkarlarımız bizim səhnədə görünə bilməz. Kim qoyub bu qaydanı? Orada bir neçə rejissoru da tənqid edirlər. Kimliyindən asılı olmayaraq, əgər o rejissordursa və ona bu tamaşa həvalə olunubsa, deməli, heç bir şərt kəsmədən onun sənə müəyyən etdiyi rolu oynamalısan. Rejissoru bəyənməmək, “mən Xalq artistiyəm, filankəs kimdir, onun tamaşasında oynayam”, - demək həmin insanların özlərinə və sənətlərinə hörmətsizliyidir.
* * *
Sözügedən məqalədə “uğursuz” adlandırılan “Laləli düzən” tamaşasında baş rol oyunçusu, Xalq artisti Cəfər Namiq Kamal isə, ümumiyyətlə, bu münaqişələrdə iştirak etmədiyini və baş verən hadisələrin sənətdən, yaradıcılıqdan kənar maraqlara hesablandığını bildirir:
- Tamaşa tamaşaçı üçün hazırlanan qidadır. Ola bilər bir az dad-duzunda fərq var. Amma kim deyir ki, o zamanla öz həllin tapmayacaq? Tamaşa oynanıldıqca oturuşur, “bişir”. Bunu ən azı o dəyirmana su tökən həmkarlarımız bilməlidirlər. Əslində, heç kim tənqidin, yaradıcı yanaşmanın, inkişafa yönələn iradın əleyhinə deyil. Sadəcə qərəz və şəxsi maraqlar olmaya. Bu “babam mənə kor dedi, gəlib-gedəni vur dedi”yə bənzəyir. Rol oynayan, istedadına güvənən aktyor əslində dublyoru olanda sevinməli, ondan daha yaxşı oynamaq üçün çalışmalıdır. Bilmirəm, “Yuğ” teatrı aktyorlarının bizimlə bir səhnədə oynaması onları niyə narahat edir?! Bu meydandır, səhnədir, buyurub özünüzü isbatlayın, çəkinməyin, kimlərəsə yuxarıdan aşağı baxmayın, fəxri adınızın arxasında gizlənməyin və gedib elə müəlliflərə mənasız vədlər verib, zamanınızı xərcləməyin. Öz işinizlə məşğul olun - oynayın, obrazlarınızı təkmilləşdirin.

Həmidə Rüstəmova