Paytaxtda fəaliyyət göstərən teatrlar daha bir mövsümü sənət yenilikləri, nailiyyətlərlə, yaradıcılıq axtarışları ilə başa vurdu. Biz də mövsümün pərdələri enəndən sonra teatrların yaradıcılıq gündəliyini vərəqlədik. Ötən dövr üçün hesabatlarını nəzərdən keçirdikdə qarşıdakı mövsümün də maraqlı nümunələr vəd etdiyini görürük.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı 106-cı mövsümdə 5 yeni tamaşanın quruluşu həyata keçirib. Hazırlanan səhnə nümunələri V.A.Motsartın “Fiqaronun toyu” operası, C.Verdinin “Otello” operası, P.Bülbüloğlunun “Eşq və ölüm” baleti, P.Maskanyinin “Kənd namusu” operası və O.Zülfüqarovun yubileyi münasibətilə ərsəyə gətirilən “Sehrli alma” baletindən ibarətdir.
Teatrın mətbuat xidmətinin rəhbəri Şükufə Ağamirzəyeva bu mövsümdə də xarici teatrlarla əməkdaşlığın davam etdirdiyini bildirdi. Ayrı-ayrı tamaşalarda iştirak etmək üçün vokalçılar Dmitri Qrişin, Viktoriya Çenskaya, Olqa Naqornaya, Andrey Qonyukov (Ukrayna), Vladimir Qromov (Belarus), Teymuraz Ququşvili (Gürcüstan), balet ustaları Olqa Qayko, İqor Onoşko (Belarus), Olqa Qolitsa, Van Yan (Ukrayna), dirijorlar Vyaçeslav Voliç (Belarus), David Kintsuraşvili (Gürcüstan), Rusiya Akademik Böyük Teatrının azərbaycanlı solistləri Elçin Əzizov və Çinarə Əlizadə Bakıya dəvət olunublar.
Bundan başqa, teatrın yaradıcı kollektivi də bir sıra xarici qastrol səfərlərində olublar.
* * *
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, professor İsrafil İsrafilov 142-ci teatr mövsümünün yaddaqalan olduğunu bildirir. On ay ərzində 12 tamaşanı təhvil verdiklərini qeyd edən direktor yeni mövsümdə də tamaşaçıları maraqlı teatr əsərlərinin gözlədiyini vurğuladı. Yeni mövsümdə teatrın repertuarına Qriqori Qorinin "Herostratı unudun", Afaq Məsudun "Kərbəla", Lev Tolstoyun "Hacı Murad", Sofoklun "Antiqona" və Qoqolun "Müfəttiş" kimi əsərlər də daxil olacaq və onlara müxtəlif sənət meyarları olan rejissorların quruluşunda baxa biləcəyik.
Ötən dövrün qastrol səfərləri və festival uğurları ilə də yadda qaldığını deyən İ.İsrafiov qarşıdakı mövsümdə daha bir neçə beynəlxalq festivala dəvət aldıqlarını və dünyanın bir sıra məşhur teatrlarının tamaşalarını akademik teatrın səhnəsində görə biləcəyimizi bildirdi.
* * *
Mövsümü iyulun 12-də başa vuran Azərbaycan Dövlət Musiqili Teatrının hesabatı da zəngindir. Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev 105-ci mövsümü yeni tamaşalar, maraqlı layihələrlə başa vurduqlarını deyir: “Bir sıra tədbirlər keçirdik, yeni tamaşalar təhvil verdik. Xüsusilə I Avropa Oyunları zamanı ölkəmizə gəlmiş qonaqlara göstərdiyimiz xidmətlə fərqlənməyi bacardıq. Hər zaman olduğu kimi, bu il də teatrımızla tamaşaçılar arasında mövcud olan həmrəyliyi qoruyub saxlamaqla yanaşı, bir qədər də inkişaf etdirdik. Sentyabrın 10-da 106-cı mövsümə start verəcəyik. Artıq indidən həmin açılış mərasiminə hazırlaşmağa başlamışıq. Bir çox yeni planlarımız, ideyalarımız var. İnanırıq ki, 106-cı mövsümdə yeniliklərimizlə, sürprizlərimizlə tamaşaçılarımızı sevindirə biləcəyik”.
* * *
87-ci teatr mövsümündə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında hazırlanan tamaşaların say və mövzu müxtəlifliyi də diqqəti cəlb edir. Teatrda 4 uşaq tamaşası olmaqla ümumilikdə 9 səhnə əsəri (“Qoğalın nağılı”, “Dəcəl keçi”, “Madaqaskar”, “Məlikməmməd və sehrli almalar”, “Çirkin ördək balası”, “Ağ ölüm”, “III Riçard”, “Miras”, “Xortdanın cəhənnəm məktubları”) hazırlanıb.
Kollektiv XIX “Belaya Veja” və I Beynəlxalq Martin MakDonax festivallarında uğurla iştirak edib.
Teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanov Rusiya Federasiyasının Kalmıkiya Respublikası Milli Dram Teatrı ilə yaradıcılıq müqaviləsinə əsasən bu teatrda yazıçı-dramaturq Əli Əmirlinin “Sevən qadın” əsəri əsasında tamaşa hazırlayıb. Həmin teatrın bədii rəhbəri, Rusiyanın Əməkdar incəsənət xadimi Boris Manciyev isə Gənc Tamaşaçılar Teatrında Ə.Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları” povesti əsasında tamaşaya quruluş verib.
Yeni mövsümdə teatrda Əjdər Olun “Biri vardı, biri yox”, Sevinc Elsəvərin “Ürəyində arzu tut” pyesi əsasında “Arzu və Murad”, hər il olduğu kimi uşaqların Yeni il tətili üçün uşaq tamaşasının hazırlanması nəzərdə tutulur. Həmçinin gələn mövsümün əvvəlində yaradıcı heyətin Kalmık Milli Dram Teatrına, Kalmık teatrının da Gənc Tamaşaçılar Teatrına qastrol səfəri nəzərdə tutulur.
* * *
Azərbaycan Dövlət Rus Dram Teatrının direktoru Ədalət Hacıyev mövsümü premyeralarla başa vurduqlarını, yeni layihələrə hazırlıq işlərinin getdiyini dedi: “94-cü teatr mövsümündə bir neçə premyera təqdim etdik. Bunların arasında “Məhəbbət üçbucağı” və “Min bir gecə” nağıllarından “Şəhrizad” tamaşalarını xüsusilə qeyd etmək istərdim. Yeni mövsümdə, 7-10 sentyabr tarixində Rusiyanın Həştərxan vilayətinə səfərimiz olacaq. M.F.Axundzadənin eyniadlı əsəri əsasında “Müsyö Jordan və dərviş Məstəli şah” tamaşası ilə çıxış edəcəyik”.
Rusiya teatrları ilə mütəmadi əməkdaşlıq etdiklərini deyən Ə.Hacıyev yeni səfərlər üçün danışıqların getdiyini bildirdi: “Rusiyanın Mayakovski və Peterburq Akademik teatrları ilə danışıqlar aparırıq və sentyabrda onların səfər tarixlərini dəqiqləşdirib açıqlayacağıq. Yeni mövsümdə 4 maraqlı layihəmizi də gerçəkləşdirəcəyik. Bunlardan biri dövlət sifarişi ilə hazırlanacaq “Dədə Qorqud” tamaşasıdır. İkinci tamaşanı isə teatr-studiyamızın üzvləri hazırlayacaq. “Sarı gəlin” adlı plastik tamaşa teatrın 95 illiyi münasibətilə ilin sonunda təqdim olunacaq. Norveç xoru ilə hazırlanacaq musiqili plastik tamaşa özünün maraqlı ideyası ilə seçiləcək. Uşaqlar üçün Yeni il nağıl-tamaşası və Əməkdar artist Rita Əmirbəyovanın 60 illik yubileyi münasibətilə “Xanuma” tamaşası teatrsevərlərin ixtiyarına veriləcək”.
* * *
A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı 84-cü mövsümünə yekun vurub. 4 yeni tamaşa, teatrın nəzdindəki “Oyuq” teatr studiyasının təqdimatında bir neçə xeyriyyə xarakterli konsert-tamaşa təqdim etdiklərini deyən teatrın direktoru, Beynəlxalq Kukla Teatrları Assosiasiyasının (UNİMA) Azərbaycan Milli Mərkəzinin prezidenti Rəşad Əhmədzadə qarşıdakı mövsümə daha məsuliyyətlə hazırlaşacaqlarını bildirdi.
Direktor 5-20 noyabr tarixində paytaxtımızda baş tutacaq növbəti teatr bayramı - “Cırtdan” III Beynəlxalq Kukla Teatrları Festivalı ilə bağlı da məlumat verdi. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, UNİMA-nın dəstəyi ilə keçiriləcək bu möhtəşəm tədbirdə dünyanın aparıcı kukla teatrları və mütəxəssislərinin iştirak edəcəyini bildirdi. Onun sözlərinə görə, qarşıdakı mövsümdə teatrda “Qırmızıpapaq” və “Gözəl və Bədheybət” adlı iki tamaşa hazırlanacaq. Həmçinin dövlət sifarişi ilə Alan Aleksandr Milnin “Vinni-Pux” əsəri əsasında “Şair ayı” adlı tamaşa səhnələşdiriləcək.
* * *
Dövlət Pantomima Teatrı cari mövsümündə qastrol və premyeralarla səmərəli işləyib. Ötən ilin noyabrında Moskvada qastrolda olduqlarını və rusiyalı teatrsevərlər tərəfindən maraqla qarşılandıqlarını deyən direktor, Əməkdar artist Elman Rəfiyev orada iki tamaşa ilə çıxış etdiklərini bildirdi: “Dünyanın bir çox ölkələrində oynayıb uğur qazandığımız “Maska” və “Manqurt” tamaşaları bu dəfə də bəyənildi. Mədəni əlaqələrin nəticəsi kimi bu səfər bizim üçün daha yaddaqalan oldu”.
* * *
Bu mövsümü D.Çizməlinin "Cümhuriyyətin ilk sədası" əsəri ilə başa vuran C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı açılışı da məhz bu əsərlə sentyabrın 25-də reallaşdıracaq.
Bu mövsümdə N.Dumbadzenin "Didro", D.Çizməlinin "Cümhuriyyətin ilk sədası", X.Əliyevin "Molla Nəsrəddin evlənir?" M.Haqverdiyevin "Ağ ölüm" tamaşalarını hazırladıqlarını deyən teatrın direktoru, Əməkdar mədəniyyət işçisi İftixar Piriyev Ç.Ələsgərlinin "İnsan ömrünün nağılı", ilin sonuna qədər isə Hidayətin "İrəvanda xal qalmadı" və C.Məmmədquluzadənin "Danabaş kəndinin məktəbi" əsərlərini tamaşaçıların ixtiyarına verəcəklərini diqqətə çatdırdı.
* * *
Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradov ötən mövsümdə bir neçə tamaşa hazırlandığını və planın tam yerinə yetirildiyini bildirdi: “Bu tamaşalar arasında “Solğun çiçəklər”, “Dədə Qorqud”, “Sən həmişə mənimləsən”, “Boy çiçəyi”ni qeyd etmək istərdim. Daxili baxışdan keçirilib qəbul olunan bu tamaşalar qarşıdakı mövsümdə tamaşaçıların ixtiyarına veriləcək. Biz bütün çətinliklərə baxmayaraq, fəaliyyətimizi bir an belə olsun dayandırmırıq və teatrımızın yaşadılması üçün əlimizdən gələni edirik”. Direktor bildirdi ki, ölkə başçısının tapşırığına əsasən teatr üçün ayrılmış binada artıq təmir işlərinə başlanılıb.

Həmidə Nizamiqızı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar