Yeni mövsümdə “Teatrşünaslar laboratoriyası” da fəaliyyətə başlayacaq

Azərbaycan Teatr Xadimləri İttifaqı növbəti mövsümdə yeni tamaşalarla çıxış edəcək. Artıq oktyabrda nümayiş olunacaq tamaşa ilə bağlı hazırlıqlara başlanılıb. İttifaqın sədri, Xalq artisti Azərpaşa Nemətov bildirib ki, yeni mövsümdə rəhbəri olduğu qurum Aleksandr (oğul) Dümanın “Kameliyalı qadın” əsəri əsasında hazırlanan eyniadlı tamaşa ilə teatrsevərlərin görüşünə gələcək.
Qeyd edək ki, “Kameliyalı qadın” oğul Dümanın ən məşhur əsəridir. Əsər əsasında italyan bəstəkarı Cüzeppe Verdi “Traviata” operasını yazıb.
Teatr Xadimləri İttifaqının Xalq artisti Mustafa Mərdanov adına “Zəfər” studiyasında səhnəyə qoyulacaq tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nofəl Vəliyevdir. Tamaşada Gənc Tamaşaçılar Teatrı, Akademik Milli Dram Teatrı, Şuşa Dövlət Musiqili Dram Teatrı, İrəvan Dövlət Azərbaycan Dram Teatrı və digər teatrlardan olan seçilmiş aktyorlar iştirak edəcəklər.

* * *
Teatr Xadimləri İttifaqında yeni mövsümdə “Teatrşünaslar laboratoriyası” da fəaliyyətə başlayacaq. Qeyd edək ki, Teatr Xadimləri İttifaqında hazırda dramaturgiya və rejissorluq laboratoriyaları fəaliyyət göstərir.
Azərpaşa Nemətov bildirib ki, dramaturgiya sahəsində gənc kadrların yetişdirilməsində maraqlı olan qurum “Axundzadə dərsləri” layihəsi vasitəsilə yaşlı nəslin təcrübələrini ardıcıllıqla yeni nəslə çatdırır: “Teatr Xadimləri İttifaqı dramaturgiya ilə yanaşı, rejissorluq istiqamətində də gənc kadrlar hazırlayır. Başlıca məqsəd Azərbaycan teatr məktəbinin güclənməsidir”.