Cuzeppe Verdidən sonra italyan operasının ən böyük nümayəndəsi sayılan Cakoma Puççininin “Turandot” operası müəllifin ən məşhur əsərlərindən biridir. Operada şahzadə Kalafın səsləndirdiyi “Nessun Dorma” ariyasını, onun Çin şahzadəsi Turandotun ürəyini fəth edəcəyinə dair verdiyi sözləri opera haqqında səthi məlumatı olan hər kəs ilk akkordlardan tanıya bilər. Lakin əsərdəki süjetin mənbəyi haqqında məlumatlı çox az insan var. Və çox az adam bilir ki, bu əsərin mənşəyi XII əsrə - dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Yeddi gözəl” poemasına gedib çıxır. Qərbdə Nizami yaradıcılığı haqqında məlumat akademik dairələr xaricində kifayət qədər yayılmayıb.
“Yeddi gözəl” ağdan qaraya olmaqla özündə 7 rəngi cəmləşdirməklə, günahkar hisslərdən məsumiyyətə doğru təkamül edən məhəbbət və eşq haqqında olan hekayələr toplusudur. “Yeddi gözəl”də qeyd olunan qırmızı rəngin hekayəsi ilə Puççininin “Turandot” operası arasındakı əlaqə kifayət qədər araşdırılmayıb. Turin Universitetinin müqayisəli ədəbiyyat bölməsinin professoru, Dr. Maria Teresa Giaveri və Kembric Universitetinin tanınmış Nizamişünas alimi Dr. Kristin van Ruymbek kimi mütəxəssislər şairin dəyərli irsinin gələcəkdə daha geniş şəkildə araşdırılıb tədqiq ediləcəyinə inanırlar.
İtalyan bəstəkarı Lorenzo Ferrero “Turandot” operasındakı süjet xəttinin mənbəyinin kitabşünaslara bəlli olmadığını və bununla da Nizami irsinin izlərinin geniş dairələrdə bilinməməsi fikri ilə razılaşır. O qeyd edir ki, yeganə çıxış yolu alimlər tərəfindən Şərq şairlərinə və onların mədəni irsinə olan böyük maraq formalaşdırmaqdır.
Əsli Səmədovanın “Milli irsimiz” adlı layihə çərçivəsində Azərbaycan Tələbə Şəbəkəsi ilə birgə ərsəyə gətirdiyi qısametrajlı animasiya filmi Nizami Gəncəvi - Cakoma Puççini yaradıcılığının əlaqəsini, dünyanın fərqli yerlərində məskən salmış xalqlar arasında olan bu mədəni mübadilə hekayəsini canlandırır. Layihə mədəniyyətimiz haqqında beynəlxalq maarifləndirməyə töhfə sayıla bilər.