Bu ilin noyabrında Belarusun paytaxtı Minsk şəhərində Gənclərin II Beynəlxalq Teatr Forumu keçiriləcək. Bu barədə məlumat verən Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azərpaşa Nemətin sözlərinə görə, tədbirdə Azərbaycanın bir qrup teatr xadimi də iştirak edəcək.
A.Nemət bildirib ki, forum Belarusun Mədəniyyət və İdman nazirlikləri ilə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi və hər iki ölkənin Teatr Xadimləri ittifaqlarının birgə təşəbbüsü ilə keçiriləcək: "Forumda iştirak etmək üçün 300-dən çox qonaq Minskə toplaşacaq. Azərbaycanı 30 nəfərlik nümayəndə heyətinin təmsil edəcəyi gözlənilir. Forumda ölkəmizi Akademik Milli Dram Teatrı "Kitabi-Dədə Qorqud" dastanı əsasında hazırlanan "İlahi oyun" tamaşası ilə təmsil edəcək".
Qeyd edək ki, Çexov festivalı çərçivəsində keçiriləcək Gənclərin II Beynəlxalq Teatr Forumunda 14 ölkədən nümayəndə heyətləri iştirak edəcək.
* * *
Yeni mövsümdə tamaşaçılara maraqlı səhnə əsərləri vəd edən Akademik Milli Dram Teatrında hazırlanan nümunələrdən biri də məşqləri gedən “Müfəttiş” əsəridir.
Görkəmli rus ədibi N.Qoqolun eyniadlı əsəri əsasında səhnələşdirilən tamaşaya Mikayıl Mikayılov quruluş verir. Hazırda Novosibirskdə yaşayan və orada yaradıcılıqla məşğul olan M.Mikayılov bu tamaşaya quruluş vermək üçün Bakıya dəvət edilib.
Yeni mövsümdə təhvil verilməsi nəzərdə tutulan səhnə əsərində xalq artistləri Rafiq Əzimov, Rafael Dadaşov, Ramiz Novruz, əməkdar artistlər Sabir Məmmədov, Ayşad Məmmədov, Elxan Quliyev, Elşən Cəbrayılov, aktyorlar Nigar Güləhmədova, Şəlalə Şahvələdqızı, İlahə Həsənova, Rövşən Kərimduxt və başqaları çıxış edəcək.
Xatırladaq ki, rejissor bundan əvvəl akademik teatrın səhnəsində "Xanuma", “Şah və şair”, eləcə də "İlahi oyun" tamaşalarına quruluş verib.

Həmidə Nizamiqızı