Azərbaycan Yaradıcılıq Fondunun nəzdində fəaliyyət göstərən "Sönməyən ulduzlar" teatrı yeni mövsümü sentyabrın 5-də açacaq. Teatrda yazıçı Marat Haqverdiyevin "Məhəbbət və şeytan" əsəri tamaşaya hazırlanacaq.

Əsərə quruluşu rejissor Yusif Əkbərov verəcək. Rolları əməkdar artistlər Raziyyə Şirinova, Firuz Xudaverdiyev, Şükufə Musayeva, Əməkdar mədəniyyət işçisi Rafiq Kaşanlı, aktyor Məmməd Əliyev və başqaları ifa edəcək.

Qeyd edək ki, "Sönməyən ulduzlar" teatrında əsasən qocaman sənət adamları çıxış edir. Teatrın bədii rəhbəri Rafiq Kaşanlıdır.

Xatırladaq ki, Marat Haqverdiyevin bu əsəri uzun illər əvvəl Gənc Tamaşaçılar Teatrında "Məhəbbət, şeytan, lambada" adı ilə səhnəyə qoyulub.