Bakı Uşaq Teatrı yeni, 14-cü teatr mövsümünə başlayır. Teatrın direktoru və bədii rəhbəri İntiqam Soltan yeni mövsümə 26 sentyabrda Abdulla Şaiqin “Tıq-tıq xanım” nağılı əsasında eyniadlı tamaşanın nümayişi ilə start veriləcəyini deyib. Tamaşaya İntiqam Soltan quruluş verib.
Direktor qeyd edib ki, hər zaman maarifləndirmə funksiyasını həyata keçirən teatr bu il məktəblilər üçün Mirzə Ələkbər Sabirin satiralarına, Cəlil Məmmədquluzadənin hekayələrindən birinə müraciət edəcək. Teatrın repertuarında daha çox alleqorik janra üstünlük veriləcək, repertuarda olan tamaşaların əksəriyyəti yenilənəcək. Azərbaycanda ilk dəfə “kölgə” janrında kiçik nağıllardan ibarət tamaşa da planlaşdırılır.
Teatr 21 yanvar - 1 fevral 2016-cı il tarixlərində İranda keçiriləcək 34-cü Beynəlxalq Fəcr Teatr Festivalına da dəvət alıb və bu yöndə də hazırlıqlar gedir.