Opera və Balet Teatrı hər il Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində öz tamaşaçılarına dünya şöhrətli klassik bəstəkarların əsərinin yeni tamaşasını təqdim edir. Builki festival çərçivəsində sentyabrın 23-də Cakomo Puççininin "Manon Lesko" operası nümayiş olunacaq. Tamaşa konsert ifasında səslənəcək.
"Manon Lesko" Puççini yaradıcılığının ən parlaq nümunələrindən biridir. İlk dəfə 1893-cü ildə Turində (İtaliya) səhnəyə qoyulub. Operanın librettosunu Antuan Fransua Prevonun "Kavaler de Qrie və Manon Leskonun məhəbbət tarixçəsi" əsərinin motivləri təşkil edir. Opera sənətinin incilərindən sayılan "Manon Lesko" hazırda dünyanın bir çox aparıcı teatrlarının repertuarını bəzəyir.
Opera və Balet Teatrında tamaşanın premyerasında Əməkdar artist Afaq Abbasova (Manon Lesko), Əkrəm Poladov (Qeront), Xalq artisti Samir Cəfərov (Kavaler de Qrie), həmçinin solistlər Anton Ferştandt (Lesko), Əliəhməd İbrahimov (Edmondo) və Atəş Qarayev (Fənərçi) çıxış edəcəklər. Tamaşanın musiqi rəhbəri və dirijoru Xalq artisti, professor Cavanşir Cəfərov, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, konsertmeysterlər Vəfa Əzizova və Roza Səlimovadır.