Oktyabrın 9-da Britaniyada fəaliyyət göstərən "Alov" teatrının təşkilatçılığı ilə Londonda Xalq yazıçısı Elçinin "Cəhənnəm sakinləri" pyesi əsasında hazırlanmış "Gecə yarısı" adlı musiqili tamaşa nümayiş etdiriləcək.
Tamaşanın rejissoru Matthev Qold, musiqi tərtibatçısı isə Ceyms Klivdir. Rollarda tanınmış ingilis aktyorlar çıxış edəcəklər.
Bu səhnə əsərində hadisələr 1937-ci ildə Bakıda baş verir. Tamaşa dövrün qorxu və repressiyalarına baxmayaraq, isti və normal münasibətlərini qoruyub saxlayan azərbaycanlı ziyalı ailəsindən, ərlə-arvadın təzadlı tale yolundan bəhs edir.
Səhnə əsərində cərəyan edən dramatik hadisələr sanki reallıq və qeyri-reallıq arasında bir körpü yaradır. Sonda sual yaranır: "Görəsən, biz də cəhənnəm sakinləriyik?!"