Oktyabrın 4-də Azərbaycan Dövlət Musiqili Teatrında tanınmış rejissor, Əməkdar incəsənət xadimi Əli Usubovun 80 illik yubileyi qeyd olunacaq. Yubiley münasibətilə rejissorun quruluşunda SSRİ Xalq artisti Rauf Hacıyevin "Qafqazlı qardaşqızı" operettası nümayiş olunacaq.
Əli Teymur oğlu Usubov 1935-ci ildə Gəncədə anadan olub. Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının vokal fakültəsini, N.A.Rimski-Korsakov adına Leninqrad Dövlət Konservatoriyasında musiqili teatr rejissorluğu fakültəsini bitirib.
Azərbaycan Dövlət Opera və Balet Teatrında quruluşçu rejissor, baş rejissor, Respublika Sarayında baş rejissor, “Azkonsert”də bədii rəhbər, Omsk Dövlət Musiqili Teatrında baş rejissor vəzifələrində çalışıb. Hazırladığı opera və operettalar Moskvada Böyük Teatrda, Ukrayna, Gürcüstan, Qazaxıstan, Özbəkistan və digər MDB ölkələrinin teatrlarında uğurla nümayiş olunub. Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasının 100 illiyi ilə əlaqədar TÜRKSOY-un layihəsi çərçivəsində bu əsərə quruluş verib, tamaşa Paris, Strasburq və digər şəhərlərdə nümayiş olunub.