Oktyabrın 7-də “ÜNS” Yaradıcılıq Səhnəsi 9-cu teatr mövsümünü Rusiyanın və Ukraynanın Xalq artisti Roman Viktyukun rejissoru olduğu “Fedra” mistik dramının tamaşası ilə açıb. Özündə ənənə və yeniliyi birləşdirən və hər zaman tamaşaçılara maraqlı əsərlər təqdim edən “ÜNS” Yaradıcılıq Səhnəsində bu dəfə tanınmış rejissor Roman Viktyukun Teatrı çıxış edib.
Tamaşanın təqdimatından əvvəl əsas rollardan birini canlandıran Aleksandr Dzyuba çıxış edərək əsərin bu səhnədə nümayiş etdiriləcəyindən məmnunluğunu ifadə edib və “ÜNS” Yaradıcılıq Səhnəsinin rəhbəri, professor Nərgiz Paşayevaya dərin təşəkkürünü bildirib. Aktyor onunla birlikdə Bakıya gələn yaradıcı qrupun paytaxtımızın gözəlliyinə heyran qaldığını da vurğulayıb. Baş rolun ifaçısı, Rusiyanın Əməkdar artisti Dmitri Bozin yunan əsatirlərindən bəhs edən əsərin süjet xətti barədə məlumat verib.
Sonra tamaşa nümayiş olunub. Rolları Dmitri Bozin (Gecənin ruhu, Fedranın maskasında), İqor Nevedrov (İppolit), İvan İvanoviç (Tale), Aleksandr Dzyuba (Tezey) canlandırıblar.
Tamaşa Moskva Şəhər Mədəniyyət Departamentinin dəstəyi ilə hazırlanıb.
Beləliklə, sənət aləmində özünəməxsus ab-hava, ovqatla seçilən “ÜNS” Yaradıcılıq Səhnəsi yeni mövsümə maraqlı əsərin təqdimi ilə başlayıb. Tamaşa boyu sözün, musiqinin, ritmin, xoreoqrafiyanın sintezi ilə aktyorların səs tonlarının, jestlərinin və mimikalarının düzgün təqdimatı tamaşaçı üçün bu mistik dramı daha da yaddaqalan edib.
Tamaşa Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə nümayiş etdirilib. “ÜNS” Yaradıcılıq Səhnəsinin yeni mövsümdə ilk tamaşası alqışlarla qarşılanıb.