Oktyabrın 24-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında italyan bəstəkarı Cakomo Puççininin “Toska” operasının tamaşası keçiriləcək. Dünya klassik opera sənətinin ən dəyərli nümunələrindən olan əsər uzun illərdir ki, teatrın repertuarındadır və hər dəfə müxtəlif vokal ulduzlarının ifasında operasevərlərə təqdim olunur.
Budəfəki tamaşada Toska partiyasını teatrın gənc solisti, Əməkdar artist, Prezident təqaüdçüsü İlahə Əfəndiyeva ifa edəcək. Onun tərəf-müqabilləri kimi Kavaradossi rolunda Gürcüstanın Xalq artisti, beynəlxalq vokal müsabiqələrinin laureatı, professor Teymuraz Ququşvili və Skarpia rolunda Belarus Akademik Opera və Balet Teatrının solisti, Belarusun Əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı Vladimir Qromov çıxış edəcəklər.
Əsərdə həmçinin Azərbaycanın Xalq artisti, vokalçıların Bülbül adına müsabiqəsinin Qran-pri mükafatının sahibi Əli Əsgərov, əməkdar artistlər Əkrəm Poladov və Cahangir Qurbanov da iştirak edəcəklər. Tamaşanı Xalq artisti, professor Cavanşir Cəfərov idarə edəcək.