Xalq yazıçısı Elçinin əsəri əsasında musiqili tamaşanın premyerası

Britaniyada fəaliyyət göstərən "Alov" teatrının təşkilatçılığı ilə Londonun "St. James" teatrında Xalq yazıçısı Elçinin “Cəhənnəm sakinləri” pyesinin motivləri əsasında hazırlanmış "Gecəyarısı" (“Midnight”) adlı musiqili tamaşanın premyerası olub.

“Alov” teatrının prodüseri Sənan Əliyev bildirib ki, tamaşanın quruluşçu rejissoru Matthev Qold, musiqi tərtibatçısı isə Ceyms Klivdir. Tamaşanın musiqisi və sözləri Lourens Mark Whyte və Timoti Knepmen tərəfindən yazılıb. Rolları “West End” teatrının aktyorları Devid Hanter, Rebekka Trehern, Nikolas Kolikos və başqaları oynayırlar.
Devid Hanter Londonun “West End” teatrında səhnəyə qoyulmuş “Bir dəfə” (“Once”) müzikli ilə tanınır, həmçinin Britaniyanın İTV kanalında keçirilmiş “Superstar” proqramının yarımfinalçısıdır. Rebekka Trehern “Mələklər şəhəri” (“City of Angels”), Nikolas Kolikos isə məşhur “Bodyguard” müziklindən tamaşaçılara tanışdır.
Tamaşanın premyerasında teatr tənqidçiləri, prodüserlər, rejissor və musiqiçilər iştirak ediblər.
Səhnə əsərində hadisələr 1937-ci ildə Bakıda baş verir. Tamaşa dövrün bütün qorxu və repressiyalarına baxmayaraq, isti və normal münasibətlərini qoruyub saxlayan azərbaycanlı ziyalı ailəsində, ər-arvadın təzadlı tale yolundan bəhs edir. Teatr tənqidçiləri tamaşanı yüksək qiymətləndiriblər.
Sənan Əliyev bildirib ki, əsərin tam səhnələşdirilməsi 2016-cı ildə planlaşdırılır. Bundan sonra tamaşanın Britaniyada regional teatrlarda da nümayişi nəzərdə tutulur. Tamaşa barədə əraflı məlumatı bu linklərdə oxumaq olar:
www.midnightmusical.com
www.alofftheatre.org