Azərbaycan Dövlət Uşaq Filarmoniyasının nəzdində iki ildən artıqdır ki, musiqili uşaq teatrı fəaliyyət göstərir. Teatrda məşğul olan uşaqlar Azərbaycan və dünya nağılları əsasında hazırlanmış tamaşalarda böyük həvəslə iştirak edərək bir-birindən maraqlı obrazlar canlandırırlar.
Uşaq teatrı fəaliyyəti dövründə “Bremen musiqiçiləri”, “Cırtdanın nağılı”, “Yeni il gəlir” adlı tamaşa və kompozisiyalar nümayiş etdiriblər.
Noyabrın 26-da kollektiv Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında “Yeddi keçi balası” adlı nağıl-tamaşanı təqdim edib. “Şəngülüm, Şüngülüm, Məngülüm” xalq nağılının motivləri əsasında hazırlanan yeni tamaşanı Elşad Rəhimzadə səhnələşdirib.