Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycan Dövlət Opera və Balet Teatrının simfonik orkestri üçün yeni nəfəs, zərb və simli musiqi alətləri alınaraq kollektivə təhvil verilib. Avropanın aparıcı musiqi firmalarının (“Mönnig”, “Shreiber”, “Karl Höfner”, “Gewa” - Almaniya, “Selmer” - Fransa, “Tomastic” - Avstriya) istehsalı olan bu alətlərdə ifa, heç şübhəsiz ki, orkestrin daha yaxşı səslənməsinə səbəb olacaq.
Opera və Balet Teatrının simfonik orkestri ölkənin aparıcı musiqi kollektivlərindən biridir, çox mürəkkəb opera və balet tamaşalarını ifa edir, yerli və dəvət olunmuş görkəmli dirijorlarla çalışır, həmçinin musiqi mədəniyyətimizi xaricdə ləyaqətlə təmsil edir.
Musiqiçilər orkestrin yeni musiqi alətləri ilə təchiz edilməsini böyük sevinc və razılıq hissi ilə qarşılayıb, qayğı və diqqətə görə ölkə başçısına və Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.