Onun öz həqiqəti var. Qələbəsinə sevinir və beləcə bütün dünyaya meydan oxuduğunu zənn edir. Bəlkə elə buna görə xoşbəxtdir. Çünki bütün çirkinliklərdən arınıb pak olduğunu zənn edənlərə zavallı, müqəddəslərə inananlara axmaq, şöhrətinə güvənənlərə kütbeyin, gözəlliyi və ədası ilə sığallanan qadınlara fahişə kimi baxır. Səbəbi isə təkdir: Herostrat olması. Müqəddəs bilinən dəyərləri çeynəyən, cəmiyyətin əxlaq kodeksi deyilən o nəsnəni əlinin tərsi ilə vurub atan...
Gəlin görək, bütün qəhrəmanlıqlar və tarix üçün mütləq müsbət model vacibdirmi? Bu xüsusda qətiyyən yox. Çünki insanlar qadağaların əksini icra etməkdə maraqlıdırlar. Daxili azadlıq və tərbiyəsizlik anlamlarının toqquşmasında mütləq qalib odur: Efesi yandıran Heros!
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı “Herostratı unudun” tamaşası ilə seyrçiləri bu kimi mətləblərdən hali etdi. Əməkdar incəsənət xadimi, rejissor Mehriban Ələkbərzadə bu tarixi əsərə də özünəməxsus yozum vermişdi. Dramaturq, satirik yazıçı Qriqori Qorinin eyniadlı pyesində cəmiyyətə istənilən mesajı vermək olar. Onu mütləq edən isə xanım rejissorun duet kimi uğurlu kəşfi sayılacaq Hikmət-Münəvvər cütlüyüdür. Bu və ümumən aktyor oyunu barədə bir qədər sonra.
Bütün cəhdlərə rəğmən Herostrat unuduldumu? Yox, çünki cəmiyyətə onunla “pis” zarafatlar edən dəli-dolu hər zaman lazımdır. Rejissor da eranın o tayından diktə ediləni şəstlə deyir: cəmiyyət məhvə o zaman sürünür ki, müqəddəs hesab etdiyi dəyərləri çeynəyir...
Səhnədə dolaşanların da içində bütün tamaşa boyu bu arzu və gərginlik var idi. Bilmirəm, niyə, amma oyundan və elə ondan bir neçə gün əvvəl izlədiyim məşqdən sezdiyim gərginlik aktyorları bayram ab-havalı (əslində hər premyera bayramdır kimi düşünsək) günlərində də tərk etməmişdi.
Tamaşada aktyor seçimi taktiki baxımdan uğurlu idi. Əməkdar artistlər Elşən Rüstəmov (salnaməçi), Sabir Məmmədov (Tissafern), Ayşad Məmmədov (Kleon), Münəvvər Əliyeva (Klementina), İradə Həsənova, aktyorlar Hikmət Rəhimov (Herostrat), Rüstəm Rüstəmov, Vüsal Mustafayev, Cümşüd Zeynalov, Ülvi Həsənov, Şamil İbrahimov, Elgün Həmidov. Rejissor diktəsi yaxşı mənada işini görmüşdü. Yəni aktyor öz öhdəsinə düşən yükü daşıdığından çox da əziyyət çəkmirdi. Nə də mizan bolluğu vardı.
Səhnədə bir-birinə əngəl olacaq dekor yığını və dialoq bolluğundan da qaçılmışdı. Bircə arada sözəbaxmayan asma fənərləri (tamaşa boyu onunla uğurlu işləyə bilməyən aktyorları başlarına ilişməklə cəzalandırırdı) və zamanında açılıb-bağlanmayan yan pərdələri, ümumən bu xüsusda bir neçə texniki detaldakı qüsuru nəzərə almasaq, tamaşanın quruluşçu rəssamı İlham Elxanoğlunun işi uğurlu alınmışdı.
Seçilən musiqilərə və mizandan mizana keçidlərdəki taktlar dinləyicini səhnədən ayırmırdı. Hans Zimmerin populyar musiqilərindən daha çox istifadə, bir hissədə isə “Mulen Ruj” filmindən fraqment səsləndiyindən ümumi dinamika saxlanılmışdı. Bu barədə Kamil İsmayılovun musiqi tərtibatına rejissor əlavələrini sezməmək mümkün deyildi.
Aktyor oyununa gəlincə, ilk olaraq baş qəhrəman Herostrata (aktyor Hikmət Rəhimov) yönəlməliyik. O bütün əxlaqsızlıq və başıpozuqluğunda həm də qəhrəmandır. Bu mənada Hikmət obrazının daxilindəki şeytandan xəbərdar ifaçıdır. Məsələn, onun "...Mən böyük bir həqiqəti kəşf etdim - insanların həyasızlığı tanrıların iradəsindən daha güclüdü... öz sadəlövhlüyümə düz bir gün ağladım..." kimi ifadələri və ələlxüsus da son monoloqu bütün ziddiyyətləri bir səhnənin ortasına ata bildi. Obrazını ifadədə səs tembri və tərəf-müqabillərlə cığal uşaq ədası Hikmətin oyununu baxımlı edən türlü səbəblərdən biri idi. Daha bir uğurlu məqam kimi onun səhnədəki sərbəstliyini göstərmək olar. Sanki hər hansı texniki xəta qorxusunu və istənilən əks həmləni elə Herostrat kimi qəbul edirdi. Buna yaxşı mənada özünü oyuna qapdırmaq da demək olar. Küll halında bu oyun Hikmətin üslubu barədə bir təyini qətiləşdirdi: o, səhnədə istənilən eybəcər formaya düşməkdən həzz alır və bu barədə heç bir kompleksi yoxdur.
Əsərin xəyanətkar qadını Klementina (Əməkdar artist Münəvvər Əliyeva). Aktrisanın gözəllik və cazibəsi, plastika və istənilən epizoddan epizoda keçiddəki sürətli dəyişimi bu tamaşanın, daha doğrusu, obrazının ruhunu duymasına kömək eləmişdi. Yunan qadını bütün məkr və hiylələri ilə yanaşı, sadəcə bir xəyalpərəst, gözəlliyi ilə yaddaşlarda qalmaq kimi axmaq arzunu qəhrəmanının yaşantısından çıxara bilmişdi. Cismani gözəlliyini hər vəchlə istifadə edən qadının bunun üçün ondan ustalıqla istifadəsini - xüsusən həbsxana səhnəsində Herostrata yalvarışlarını və sonradan eybəcər biçimdə geyindiyi qürur və əda “donu” kənardan eybəcər görünmürdü. Aktrisa səhnə estetikasını detal-detal oyununda göstərməklə yunan gözəli Klementinanın ərinə Herosla xəyanətinə sadəcə haqq qazandıra bilirdi.
Əməkdar artist Ayşad Məmmədovun oynadığı Kleon bədbəxt və axmaq sonunu düşünmədiyindən ədalətin qələbəsini öz çərçivəsindən mütləq bilir. Aktyorun fakturası və oyun tempinə qəhrəmanın mahiyyətinə tam uyğun idi.
Əməkdar artist Elşən Rüstəmov (Tarix insanı və ya müəllif Qorinin proobrazı) salnaməçi kimi tamaşada mütləq bir detal funksiyalı olsa da, oyunu ilə birbaşa iştirakçıya yönələ bildi. Ümumən bu aktyorun istənilən səhnə halı yaddaqalan ola bilir. Bəlkə də aktyorun şansı elə bundadır.
Rüstəm Rüstəmovun (Krisipp), Əməkdar artist İradə Həsənovanın (Erita), Vüsal Mustafayevin (keşikçi), efesliləri oynayan Ülvi Həsənov, Şamil İbrahimov və Elçin Hacıyevin də səhnədə hər epizodda öz işi var idi və bu icrada qətiyyən eyniyyət olmadı.
Sadəcə məbədin rahibəsi Eritanı canlandıran xanım aktrisanın hay-harayı, ah-naləsi elə-belə çığır-bağıra kökləndi və sonədək o qışqırtı və qəribə də olsa, diksiyadakı anlaşılmaz küyü, sanki danışmağa çətinlik çəkməsini hiss etdirməsi tamaşaçını qıcıqlandıran amil kimi ən son oturacağadək gedib çıxa bildi.
Son olaraq bir neçə kəlmə də axmaq rəhbər təəssüratında bütləşən Efes əmiri Tissofern barədə. Əməkdar artist Sabir Məmmədovun fars qəhrəmanı aktyorun ifasında istənilən axmaq situasiyada gülünc və daha çox da bədbəxt görünürdü. Ümumən bu obraz uydurmadır. Guya farslar Efesi zəbt ediblər və o əmirlikdə hakimiyyət Tissofernin əlindədir. Uydurma rəhbər Tissofern hakimiyyəti arvadından daha çox sevir və onun üçün eşq bir axmaq təsəvvürdür. Aktyorun bu prizmadan aydın duyduğu qəhrəmanını ifasında yeganə qüsuru öz oyununa münasibətdəki aşırı məmnuniyyəti və bəzən replikalarda gülüşünü saxlaya bilməməyi idi ki, bunu da tamaşaçı aydın hiss edirdi...
Həmidə Nizamiqızı