Xəbər verdiyimiz kimi, Akademik Milli Dram Teatrının direktoru, professor İsrafil İsrafilov Ankarada TÜRKSOY-un “Haldun Tanerin ili” çərçivəsində elan olunan beynəlxalq səhnə əsərləri müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimində iştirak edib. İ.İsrafilov müsabiqənin münsiflər heyətinin üzvü olub.
Milli Dram Teatrının direktoru səfər zamanı bir sıra görüşlər keçirib. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, TÜRKSOY-un baş katibi Düsen Kaseinovla görüşdə türkdilli ölkələr arasında qarşılıqlı qastrol səfərlərinin təşkili, dramaturji materialların, rejissor və teatr rəssamlığı sahəsində mübadilə məsələləri diqqətə alınıb.
İ.İsrafilov həmçinin Türkiyə Dövlət Teatrları baş direktoru Nejat Birecik və Ankara Dövlət Teatrının rəhbəri Cəbrayıl Esenlə görüşüb. Görüşdə birgə teatr portalının hazırlanmasının, TÜRKSOY-un dərgisində mütəmadi çıxışların təşkilinin, dəyirmi masaların keçirilməsinin zəruriliyi vurğulanıb, Akademik Milli Dram Teatrının Türkiyə teatrlarına qastrol səfərlərinin planlaşdırılması müzakirə olunub.