Bu il yaranmasının 95 illiyini qeyd edən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı əlamətdar yubiley münasibətilə müxtəlif ölkələrdəki həmkar kollektivlərdən də sənət təbrikləri qəbul edir.
G.A.Tovstonoqov adına Rusiya Böyük Dram Teatrı "Böyük qastrollar-2015" çərçivəsində dekabrın 20-21-də paytaxtımızda səfərdə olub. Məşhur kollektiv Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində böyük rus yazıçısı Fyodr Dostoyevskinin "Dayının yuxusu" povesti əsasında hazırlanmış eyniadlı tamaşanı təqdim edib.
Teatrın Bakıya ilk qastrol səfəri Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə reallaşıb.
Rusiyanın Xalq artisti, rejissor Timur Çxeidzenin hazırladığı tamaşa alqışlarla qarşılanıb. Səhnə əsərində SSRİ xalq artistləri Alisa Freyndlix və Oleq Basilaşvilinin iştirakı tamaşaçılara xüsusi sevinc bəxş edib. Bundan başqa, tamaşada Rusiyanın Xalq artisti Yelena Popova, əməkdar artistlər Yevgeni Çudakov, Mariya Lavrova, Sergey Qaliç və digərləri rol alır.
Xatırladaq ki, "Dayının yuxusu" Rusiya Böyük Dram Teatrının “qızıl fondu”na daxil olan tamaşadır. Dəfələrlə xarici ölkələrdə uğurla nümayiş etdirilib və Rusiyada "Qızıl maska", Estoniyada "Ən yaxşı tamaşa" mükafatlarına, Tbilisidə beynəlxalq teatr festivalında birinci yerə layiq görülüb.
Bayram ab-havalı gecədə səhnəyə çıxan Azərbaycan Dövlət Rus Dram Teatrının baş rejissoru, Xalq artisti Aleksandr Şarovski qonaqları salamlayıb, onların yubiley təbriklərini və xatirə hədiyyələrini qəbul edib.
Belə qastrolların qarşılıqlı teatr əlaqələrinin möhkəmlənməsində xüsusi önəm daşıdığını deyən Rusiya Böyük Dram Teatrının direktoru Tatyana Arxipova, teatrın bədii rəhbəri İrina Şimbareviç təbrik çıxışlarında həmkar kollektivə uzun və səmərəli, anşlaqlı tamaşalarla zəngin yaradıcılıq yolu arzulayıblar.
Dekabrın 21-də mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran tamaşanın yaradıcı heyəti qastrol səfərindən məmnunluqlarını ifadə ediblər. SSRİ Xalq artisti Alisa Freyndlix bu səfərin paytaxtımızla tanışlıq üçün bir vəsilə olduğunu da vurğulayıb.