Əməkdar artist Rita Əmirbəyova 60 illik yubileyi münasibətilə və teatr sənəti sahəsində uzunmüddətli, səmərəli fəaliyyətinə görə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mükafatlandırılıb.
Azərbaycan Dövlət Rus Dram Teatrının aktrisası olan Rita Əmirbəyova ömrünün 40 ilini səhnəyə, sənətə həsr edib. O, 1955-ci ildə Bakıda anadan olub. İncəsənət İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) dram və kino aktyorluğu fakültəsini bitirib. 1978-ci ildən Dövlət Rus Dram Teatrında çalışır. Bu illər ərzində teatrın səhnəsində xarakterik qadın rollarının ifaçısı kimi tanınıb. Yaratdığı müxtəlif taleli qadın obrazlarının daxili sarsıntısını və psixoloji vəziyyətlərini ustalıqla nümayiş etdirib.
Aktrisa həmçinin Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında istehsal olunan “Təxribat” (1990), “Ovsunçu” (2003) və s. filmlərdə çəkilib.
1991-ci ildə “Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adına layiq görülüb.