Daşkənddəki Əlişir Nəvai adına Opera və Balet Teatrında Özbəkistan Bəstəkarlar İttifaqının sədri Rüstəm Abdullayevin “Sədaqət” lirik-dramatik operasının təqdimatı keçirilib. Tamaşanın rejissoru Azərbaycanın və Özbəkistanın Xalq artisti, Dövlət mükafatı laureatı, professor Firudin Səfərovdur.
Tamaşa Özbəkistanın tanınmış şairləri Zülfiyyə və Həmid Əlimcanın gəncliyi, onların məhəbbəti haqqındadır. Zülfiyyə rolunu Malika Normatova, Həmid Əlimcan rolunu isə Rüstəm Əlimərdanov ifa edir. Oybek rolunda isə teatrın gənc solisti, soydaşımız Cəbrayıl İdrisov səhnəyə çıxıb.
Firudin Səfərov Bakı və Daşkənd teatrlarında 70-dən artıq klassik və müasir bəstəkarların əsərlərini tamaşaya qoyub. O həm də Muxtar Əşrəfi adına Özbəkistan Dövlət Konservatoriyasının professoru kimi gənc opera rejissorlarının hazırlanması istiqamətində əvəzsiz işlər görür. İki il əvvəl Özbəkistanda sənətkarın 80 illik yubileyi yüksək səviyyədə qeyd olunub.