Əlövsət Sadıqov 30 ilə yaxın bu obrazda səhnəyə çıxıb

Ötən yüzillikdə opera sənətinin inkişafında xidmətlər göstərən və bənzərsiz ifaları yadda qalan sənətkarlardan biri də Xalq artisti Əlövsət Sadıqov olub.
Əlövsət Şirəli oğlu Sadıqov 1906-cı il dekabrın 22-də indiki Şəkidə doğulub. Şəki İpək Fabrikində çalışan atasının məlahətli səsi olub. Əlövsət atasından eşitdiyi muğam və xalq mahnılarını dərindən mənimsəyir, yeri gəldikcə onları zümzümə edirmiş.
1926-cı ildə Bakıdan musiqi qrupu Şəkiyə qastrola gəlir. Onların arasında məşhur xanəndə Hüseynqulu Sarabski də olur. Onlar fabrikdə zəhmətkeşlər qarşısında çıxış edirlər. Həmin görüşdə fabrikin rəhbərliyi 20 yaşlı Əlövsəti qonaqlara təqdim edir. Bildirir ki, istedadlı oğlandır, icazə versəydiniz o da bir-iki ağız oxuyardı. O, “Bəh-bəh” xalq mahnısını oxuyur. Məlahətli səsi, sərbəst ifası H.Sarabskinin xoşuna gəlir və onu Bakıya dəvət edir.
Əlövsət burada gənc xanəndələrin müsabiqəsinə qatılır. Münsiflər heyətinin üzvləri ustad sənətkarlar Müslüm Maqomayev, Cabbar Qaryağdıoğlu və başqaları müxtəlif bölgələrdən gələn gənc musiqiçiləri imtahan edirlər. Əlövsət “Ay qız” xalq mahnısını ifa edir və münsiflər tərəfindən bəyənilir. 1928-ci ildə ustadların rəyi ilə Opera və Balet Teatrına işə qəbul olunur. Sonra iki il Azərbaycan Dövlət Konservatoriyasında vokal dərsi alır. Teatrda “Leyli və Məcnun” (Zeyd və İbn Səlam), “Aşıq Qərib” (Vəli), “Nərgiz” operalarında səhnəyə çıxır. Səhnədə özünü doğruldaraq baş rolları ifa etməyə başlayır. İlk baş qəhrəman kimi Zülfüqar Hacıbəyovun “Aşıq Qərib” operasında Qərib obrazını canlandırır. 1931-ci ilin teatr mövsümündə M.Maqomayevin “Şah İsmayıl” operası yeni quruluşda tamaşaya hazırlanır. Müəllifin təklifi ilə baş rol Ə.Sadıqova həvalə olunur və o, Şah İsmayılı böyük ustalıqla ifa edir. Tamaşadan sonra M.Maqomayev “Mən əsl Şah İsmayılı tapdım”, - deyir və onu ürəkdən təbrik edir. Bu obraz xanəndənin yaradıcılıq yollarına işıq tutur. 30 ilə yaxın bu rolu böyük həvəslə və ustalıqla oynayır.
Yaradıcılığı yüksək qiymətləndirilən Ə.Sadıqov 1943-cü ildə Əməkdar artist, 1956-cı ildə isə Xalq artisti fəxri adlarına layiq görülür.
Ə.Sadıqov 1963-cü ilə qədər Azərbaycan operasının səhnəsində görkəmli sənətkarlarımızdan Həqiqət Rzayeva, Rübabə Muradova, Gülxar Həsənova, Xanlar Haqverdiyev, Şirzad Hüseynov və başqaları ilə çiyin-çiyinə çalışıb, bənzərsiz ifaları ilə opera sənətimizi inkişaf etdirərək gənc nəslə örnək olub. Ömrünün son illərində teatrda məsləhətçi pedaqoq kimi çalışıb.
17 oktyabr 1970-ci ildə dünyasını dəyişib. Onun sənətkarlığı bu gün də ustad xanəndələr tərəfindən yüksək dəyərləndirilir.

Savalan Fərəcov