Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında Pyotr Qladilinin "Afina gecələri" komediyası əsasında eyniadlı tamaşanın son məşqləri gedir. Səhnə əsərinin premyerası yanvarın 17-də olacaq.
Tamaşaya teatrın baş rejissoru, Xalq artisti Aleksandr Şarovski quruluş verib, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorov, musiqi tərtibatçısı Əməkdar mədəniyyət işçisi Vladimir Neverov, geyim üzrə rəssam Olqa Abbasovadır. Əsas rolları Səfa Mirzəhəsənov, Yevgeniya Nevmerjitskaya, Natalya Şarovskaya, Natəvan Hacıyeva və Oleq Əmirbəyov oynayırlar.
Ailə-məişət komediyalarının tanınmış müəllifi, rus dramaturqu Pyotr Qladilinin "Afina gecələri" pyesi dissonanslar üzərində qurulub. Qəhrəmanlar bir-birini eşitmirlər, amma onların hər birinin öz həqiqəti var. Pyesdə fəlsəfə və komediya, yüngül qəm, lirizm və bir az da mistika bir-birinə qarışıb.