İlkin mərhələdən keçən 8 nəfər teatrın yaradıcılıq studiyasında təcrübə keçəcək
Azərbaycan Dövlət Musiqili Teatrının keçirdiyi yaradıcılıq müsabiqəsinə yekun vurulub. Müsabiqə teatra istedadlı gənclərin cəlb edilməsi məqsədilə təşkil olunub.
Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev bildirib ki, təxminən 70 nəfər müsabiqədə iştirak üçün müraciət edib. Onlardan 8 nəfəri ilk mərhələdə müsabiqə komissiyasının üzvlərini qane edib. Amma bu da həmin gənclərin teatrda işlə təmin olunmasına yetərli deyil. Onlar təcrübə toplamaq üçün teatrın yaradıcılıq studiyasında müəyyən müddətdə məşğul olacaqlar. Gənclər Əməkdar incəsənət xadimi, rejissor Əsgər Əsgərovun rəhbərlik etdiyi studiyada təcrübə keçdikdən, nəzəri-praktik səviyyələrini təkmilləşdirdikdən sonra yenidən komissiya üzvlərinə öz istedadlarını nümayiş etdirəcəklər. Vacib tələblərə cavab verənlər teatrın kollektivi sıralarına qəbul olunacaqlar.
Direktorun sözlərinə görə, müsabiqəyə çoxlu sayda müraciətin edilməsi gənclərdə teatra, sənətə çox böyük maraq olduğunu göstərir: “Musiqili Teatrda işləmək üçün mütləq xüsusi göstəricilərə malik olmaq lazımdır. Burada çalışanların səs imkanları, rəqqaslıq qabiliyyəti və təbii ki, aktyorluq məharəti çox vacibdir. İstedadlı gənclərimizi axtarıb üzə çıxarmaq üçün mütəmadi olaraq belə müsabiqələr keçirməyi planlaşdırırıq”.