“British Council Azərbaycan”ın “TheatreHD” layihəsi çərçivəsində dünyanın ən tanınmış teatrlarının - Kral Milli və “Qlobus” Şekspir (London), Kral Şekspir (Stratford-na-Eyvone), Böyük Teatr (Moskva), Metropoliten Opera (Nyu-York) və digər tanınmış teatrların ən məşhur tamaşaları Bakı kinoteatrlarında nümayiş olunacaq.
“British Council Azərbaycan”, Mədəniyyət və Turizm Nazirliyi, Birləşmiş Krallığın Bakıdakı səfirliyi, “CoolConnections” şirkəti, Nizami Kino Mərkəzi və “Park Cinema”nın birgə əməkdaşlığı nəticəsində həyata keçirilən layihə bakılılara dünya teatrının şah əsərlərini görmək imkanı verəcək. Baş rollarda dünya ulduzları - Benedikt Kamberbetç, Tom Hiddlston, Reyf Fayns, Helen Mirren, Stiven Fray, Mark Stronq, Kristofer Plammer Yonas Kaufman, Cillian Anderson, Anna Netrebko, İldar Abdrazakov, Svetlana Zaxarova, Vladislav Lantratov və başqaları oynayırlar.
“TheatreHD” layihəsi çərçivəsində Nizami Kino Mərkəzində yanvarın 13-də Benedikt Kamberbetçin iştirakı ilə Uilyam Şekspirin “Hamlet” əsəri, 27-də Şarlotta Brontenin “Ceyn Eyr” əsəri təqdim olunacaq.
Bundan başqa, layihəyə unikal film-sərgilər də daxildir. Bu filmlər dünyanın ən məşhur muzeylərinə səyahət etmək və Mone, Vermeyer, Van Qoq, Rembrandt və digər görkəmli rəssamların məşhur əsərlərini detalları ilə izləmək imkanı verir.
Qeyd edək ki, “TheatreHD” nümayişləri Rusiyanın 30-dan çox şəhərində, həmçinin Ukrayna və Qazaxıstanda həyata keçirilir. Azərbaycan tamaşaçıları layihəni 2016-cı il iyunun 30-dək izləyə biləcəklər.