Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiq edilən repertuar planına əsasən, 2016-cı ildə Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında dörd yeni tamaşa hazırlanacaq.
Bu barədə teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimli məlumat verib.
Rejissorun bildirdiyinə görə, repertuar planında nəzərdə tutulan ilk tamaşanın - Hüseyn Cavidin “Şeyda” dramının səhnələşdirilməsinə yanvarın ikinci yarısında başlanılacaq. Bundan əlavə, mövsüm ərzində Akif Kəngərlinin “Bəla” və türk dramaturqu Hidayət Sayının “Davul səsi” əsərləri səhnələşdiriləcək, həmçinin “Kəlilə və Dimnə” kitabındakı hekayələr əsasında yeni uşaq tamaşası hazırlanacaq.
Teatrda bu ilin sentyabrında keçirilməsi nəzərdə tutulan II Şəki Beynəlxalq Teatr Festivalına hazırlıq işləri də görüləcək.