Azərbaycan teatr rejissorluğu sənətində öz dəst-xətti ilə tanınan Xalq artisti Azər Paşa Nemət kollektivə rəhbərlik edəcək

Mədəniyyət və Turizm Nazirliyinin kollegiyasının qərarına əsasən, nazir Əbülfəs Qarayevin 5 yanvar 2016-cı il tarixli müvafiq əmrinə uyğun olaraq Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri və baş rejissoru, Xalq artisti, professor Azər Paşa Nemət teatrın bədii rəhbəri və direktoru vəzifəsinə təyin olunub. Teatrın direktor müavini Natiq Güləhmədov isə sərəncamçı direktor vəzifəsinə təyin edilib.

Yanvarın 6-da Akademik Milli Dram Teatrında mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev yeni təyin olunan şəxsləri kollektivə təqdim etdi.
Tədbirdə çıxış edən nazir müavini ölkəmizdə teatr sahəsində görülən işlərdən danışdı, Prezident İlham Əliyevin bu sahəyə xüsusi diqqət və qayğı göstərdiyini bildirdi. Qeyd olundu ki, dövlət başçısı 2006-cı ildə imzaladığı “Teatr və teatr fəaliyyəti haqqında qanun”, 2007-ci ildə imzalanan “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” sərəncam, eləcə də “Azərbaycan teatrı 2009-2019-cu illər Dövlət Proqramı” Mədəniyyət və Turizm Nazirliyi qarşısında Azərbaycan milli teatr sənətinin inkişafı ilə əlaqədar həyata keçirilməsi nəzərdə tutulan işlərə, tədbirlərə təkan verib.
Yeni il münasibətilə kollektivi təbrik edən Ə.Vəliyev bugünlərdə dövlət başçısının sərəncamı ilə fəxri adlara layiq görülən teatrın əməkdaşlarına yaradıcılıq uğurları arzuladı. Xalq artisti Rafael Dadaşovun 70 illik yubileyinin dövlət tərəfindən aktyorun sənətinə, yaradıcılığına layiq şəkildə qeyd ediləcəyi də diqqətə çatdırıldı.
Xalq artisti Azər Paşa Nemətin Azərbaycan teatr rejissorluğu sənətində öz dəst-xətti olduğunu vurğulayan Ə.Vəliyev onun bu sənət məbədində quruluş verdiyi tamaşalardan söz açdı, kollektivə yad adam olmadığını qeyd etdi.
143 yaşlı Azərbaycan peşəkar teatrının son on ildə keçdiyi yola nəzər salan nazir müavini bu dövrdə teatr binalarının təmirindən, maddi-texniki bazasının möhkəmlənməsindən söz açdı. Qeyd olundu ki, Akademik Milli Dram Teatrı, Dövlət Gənc Tamaşaçılar Teatrı, Dövlət Rus Dram Teatrı, Musiqili Teatr, Dövlət Kukla Teatrı, Mingəçevir, Ağdam, Füzuli, Şəki teatrları əsaslı şəkildə təmir olunub, dünya standartları səviyyəsində texniki avadanlıqlarla təchiz edilib. 40 ildən artıq çətin şəraitdə fəaliyyət göstərən Sumqayıt teatrına hüquqi status və bina verilib. Hazırda orada əsaslı təmir işləri aparılır. 1988-ci ildən qaçqınlıq həyatı yaşayan İrəvan və Şuşa teatrlarına Bakı şəhərində binalar ayrılıb. Yuğ və Pantomima teatrları da binalarla təmin olunub. Bir sıra teatrlar aparıcı statusa layiq görülüb, işçilərin əməkhaqları artırılıb. 13 teatrın nəzdində teatr studiyaları yaradılıb. Bu studiyalarda çalışan insanlar da dövlətdən əməkhaqqı almaq hüququ qazanıblar: “Əsas məqsədimiz o idi ki, regionlarda olan istedadlı gənclərin bu və ya digər səbəbdən teatr təhsili almaq imkanları olmadığı üçün onlara şərait yarada bilək”.
Ə.Vəliyev teatrların mütəmadi olaraq xaricə qastrol səfərlərinin həyata keçirildiyini diqqətə çatdırdı, teatr kollektivlərinin ABŞ, Fransa, Almaniya, Sloveniya, Moldova, Gürcüstan və digər ölkələrdə çıxış etdikləri bildirildi. Qeyd olundu ki, Akademik Milli Dram Teatrı 9 il ərzində 25 xarici səfərdə olub. Eyni zamanda xaricdən də 29 nəfər rejissor, baletmeyster, rəssam və digər sənətçilər gələrək teatrlarımızda ustad dərsləri keçib, tamaşalar hazırlayıblar. Son 10 il ərzində 26 dövlət teatrında 853 tamaşa hazırlanıb. Tamaşalardan 173-ü dövlət sifarişi ilə səhnələşdirilib. 27 tamaşa isə Milli Dram Teatrının payına düşüb. Ümumilikdə son 10 ildə teatrda 78 tamaşa hazırlanıb. Bunlar hamısı dövlətin teatrlara göstərdiyi diqqət və qayğının nəticəsidir.
Azərbaycan teatrlarında çalışan texniki heyətdən 33 nəfər xaricdə ixtisasartırma stajı keçib. Bu müddət ərzində ayrılmış vəsait hesabına 15 teatra 28 yeni nəqliyyat vasitəsi verilib. Onlardan 3-ü Milli Dram Teatrına verilib. Bütün teatrlara yüksək keyfiyyətli, xarici ölkələrdən gətirilmiş qrim ləvazimatları, səhnə üçün standart geyimlər paylanılıb. 23 teatr üçün eyniölçülü, eyni standartlı səhnə dəzgahları hazırlanıb.
Nazir müavini həmçinin diqqətə çatdırdı ki, son illərdə dövlət rəhbərinin sərəncamı ilə teatr sahəsində çalışan 130 əməkdaş Prezidentin birillik təqaüdünə layiq görülüb. Hazırda Akademik Milli Dram Teatrının 21 nəfər əməkdaşı bu təqaüdü alır. Ümumiyyətlə, son 10 ildə 194 nəfər bu mükafatdan yararlanıb. Burada çalışan insanlardan 73 nəfəri ömürlük Prezident təqaüdü alan şəxslərdir. Bu müddət ərzində 647 nəfər müxtəlif fəxri adlara layiq görülüb. Onların içərisində Milli Dram Teatrının əməkdaşları digərlərindən çoxdur.
Ölkə ərazisində il ərzində 1 milyona yaxın tamaşaçıya xidmət göstərilir. Buraya 60-70 faiz axşam tamaşaları, 25-35 faiz isə gündüz tamaşaları daxildir. Ancaq bəzi hallarda bu balans teatrlar tərəfindən pozulur.
Dramaturqlarımızın əsərlərinin xarici ölkələrdə səhnəyə qoyulduğunu, rejissorların xaricdə tamaşalar hazırladığını qeyd edən nazir müavini bunu Azərbaycan teatrının uğuru kimi dəyərləndirdi. Paytaxtla yanaşı, bölgə teatrlarının da yüksəliş dövrünü yaşadığını vurğuladı. Teatrlarda repertuar problemi, aktyor seçimi və digər məsələlərə toxunan Ə.Vəliyev Milli Dram Teatrının kollektivinə bundan sonrakı fəaliyyətində yeni yaradıcılıq uğurlar arzuladı.
Xalq artisti, professor Azər Paşa Nemət ona göstərilən etimada görə təşəkkürünü bildirdi.
Qeyd edək ki, indiyədək teatrın direktoru olmuş İsrafil İsrafilovla bağlanan müqavilənin müddəti yanvar ayının 5-də başa çatıb.

Lalə Azəri