Yanvarın 9-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Xalq artisti Əfrasiyab Bədəlbəylinin ikipərdəli “Qız qalası” baleti nümayiş olunacaq.
Teatrın mətbuat xidmətindən bildirilib ki, milli balet sənətimizin ilk nümunəsi olan “Qız qalası” 75 ildir Azərbaycan səhnəsindədir və hər zaman tamaşaçılar tərəfindən maraqla qarşılanır.
Tamaşada əsas rolları Xalq artisti Gülağası Mirzəyev, əməkdar artistlər Nigar İbrahimova, Tamilla Məmmədzadə, teatrın aparıcı solistləri Makar Ferştandt, Yelena Veremeyenko, Larisa Semyonova ifa edəcəklər.
Səhnə əsərinin quruluşçu baletmeysteri Xalq artisti Qəmər Almaszadə olub, bədii rəhbəri və musiqi tərtibatçısı Xalq artisti, professor Cavanşir Cəfərov, quruluşçu rəssamı isə Əməkdar incəsənət xadimi Əyyub Fətəliyevdir.
* * *
Yanvarın 10-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dünya şöhrətli bəstəkar Fikrət Əmirovun “Sevil” operasının növbəti tamaşası keçiriləcək.
Cəfər Cabbarlının eyniadlı pyesinin motivləri əsasında yazılmış operada müxtəlif vaxtlarda milli vokal sənətimizin bir sıra görkəmli nümayəndələri - Rəşid Behbudov, Azər Zeynalov, Xuraman Qasımova, Şahlar Quliyev və başqaları əsas rollarda çıxış ediblər. Hazırda onları istedadlı gənc opera sənətçiləri əvəz ediblər. Bu dəfə tamaşada baş rolları - Sevil və Balaş partiyalarını ilk dəfə əməkdar artistlər İlahə Əfəndiyeva və Fərid Əliyev ifa edəcəklər. Tamaşada həmçinin əməkdar artistlər Səbinə Əsədova (Gülüş), Gülnaz İsmayılova (Dilbər), Cahangir Qurbanov (Atakişi) və başqaları iştirak edəcək.
Tamaşanı dirijorların beynəlxalq müsabiqələrinin və “Humay” milli mükafatının laureatı Əyyub Quliyev idarə edəcək.
* * *
Yanvarın 16-da isə Opera və Balet Teatrında italyan bəstəkarı Cakomo Puççininin “Bohema” (La Boheme) operası nümayiş olunacaq. Tamaşada azərbaycanlı vokalçılar Ukrayna və Belarusdan olan həmkarları ilə birgə səhnəyə çıxacaqlar. Mimi rolunu Ukrayna Milli Operasının solisti, Ukraynanın Xalq artisti Olqa Naqornaya, Marsel partiyasını Belarus Akademik Böyük Opera və Balet Teatrının solisti, bu ölkənin Əməkdar artisti Vladimir Qromov, Rudolf partiyasını isə digər belaruslu vokalçı Eduard Martınyuk ifa edəcək.
Tamaşada Azərbaycanın opera sənətini Xalq artisti Əli Əsgərov (Alsindor), əməkdar artistlər İnarə Babayeva (Müzetta) və Əkrəm Poladov (Kollen) təmsil edəcəklər. Tamaşanın dirijoru Xalq artisti, professor Cavanşir Cəfərovdur.