“Silva” operettası teatrın rus bölməsi tərəfindən tamaşaya qoyulacaq
Yanvarın 15-də Azərbaycan Dövlət Musiqili Teatrında yeni tamaşanın məşqlərinə start veriləcək. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, macar bəstəkarı İmre Kalmanın “Silva” operettası tamaşaya qoyulacaq.
Məşhur əsərin süjet xəttini saf, təmiz sevgi təşkil edir. Kabaredə müğənni işləyən Silva Varesku ilə knyaz oğlu Edvin Vedlersxeym arasında yaşanan sevgi ətrafdakılar, xüsusi ilə də Edvinin ailəsi tərəfindən birmənalı qarşılanmır. Valideynləri Edvini başqası ilə nişanlamağa qərar verirlər. Bu qərardan sonra dinamik, gözlənilməz situasiyalarla zəngin olan operettada yeni mərhələ - iki gəncin öz sevgisi uğrunda mübarizəsi başlayır. Sonda bir çox qaranlıq mətləblərə aydınlıq gəlir.
Qeyd edək ki, Musiqili Teatrın rus bölməsi tərəfindən hazırlanacaq yeni tamaşanın quruluşçu rejissoru Əməkdar artist Boris Lukinski, dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyovdur.
Rolları Xalq artisti Hüseyn-Səfa Mirzəhəsənov, əməkdar artistlər Nərgiz Kərimova, Boris Qrafkin, Səidə Şərifəliyeva, Svetlana Bulax, aktyorlar Tural Ağasıyev, Yuliya Heydərova, Firuz Məmmədov, Aydan Həsənova və digərləri ifa edəcəklər.