sonra “Möcüzəli turpun nağılı”ndan xəbər tutacağıq
Yeni il tamaşalarından sonrakı bir neçə günlük istirahət bitən kimi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında uşaqlar üçün iki tamaşanın məşqlərinə başlanılıb. Teatrın mətbuat xidmətindən aldığımız məlumata görə, hər iki səhnə əsəri kiçikyaşlı tamaşaçılar üçün nəzərdə tutulub.
Yanvar ayının sonlarında təhvil verilməsi planlaşdırılan “Dovşanın ad günü” tamaşasının quruluşçu rejissoru Xalq artisti Ağaxan Salmanlı, quruluşçu rəssamı Elşən Sərxanoğlu, rəqslərin quruluşçusu Vüsal Mehrəliyev, aranjimançısı Vasif Hüseynlidir. Musiqi tərtibatında mərhum bəstəkar, Xalq artisti Şəfiqə Axundovanın musiqisindən istifadə olunur.
Görkəmli uşaq yazıçısı Xanımana Əlibəylinin bu əsəri artıq neçə nəslin sevimli tamaşası kimi yaddaşlara həkk olub. Tülkü ilə canavarın dovşanı yemək üçün qurduqları hiylədən bəhs edən əsəri uşaqlar həyəcan və maraqla izləyirlər. Tamaşa X.Əlibəylinin anadan olmasının 95 illiyinə həsr olunub.
Rolları İradə Rəşidova, Roza İbadova, Sevinc Mehrəliyeva, Zümrüd Quliyeva, Təhminə Məmmədova, Zülfiyyə Alhüseynova, Mehriban Hüseynova, Nuriyyə Əliyeva, Eyvaz İbrahimov, Ramil Məmmədov, Ceyhun Məmmədov, Xaliq Bəkirov, Elnur Hüseynov, Elnur Əliyev, Vüsal Mehrəliyev, Yusif Dadaşov canlandıracaqlar.
Balacaların sənət zövqünü oxşamağa çalışan teatrın yaradıcı kollektivinin mart ayında təqdim edəcəyi tamaşa isə «Möcüzəli turpun nağılı» adlanır. Məşhur rus xalq nağılının əsasında hazırlanan tamaşaya rejissor Elşən Zeynallı quruluş verir. Quruluşçu rəssamı Elşən Sərxanoğlu, bəstəkarı Rüfət Ramazanov, rejissor assistenti Sona Mustafayeva, rəqslərin quruluşçusu Vüsal Mehrəliyevdir.
Tamaşada Xalq artisti Yasin Qarayev, əməkdar artistlər Qəmər Məmmədova, Vahid Əliyev, aktyorlar Xalidə Əliməmmədova, Zümrüd Quliyeva, Asya Atakişiyeva, Sevinc Mehrəliyeva, Zülfiyyə Alhüseynova, Elnur Hüseynov, Mirzəağa Mirzəyev, Anar Səfiyev və Elnur Əliyev rol alıb.