Görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Sevil” operası ilk dəfə tamaşaya qoyulandan bəri bizim ən görkəmli soprano və tenor səsli vokalçılarımız Sevil və Balaş partiyalarını ifa etmək arzusunda olublar. Azərbaycan tamaşaçısı bu partiyaları Rəşid Behbudovun, Firəngiz Əhmədovanın, Lütfiyar İmanovun, Fidan və Xuraman Qasımovaların ifasında sevib. Əsər artıq neçə ildir ki, tam yeni quruluşda operasevərlərə təqdim edilir.
Yanvarın 10-da oynanılmış tamaşa isə həm də bu operada iki cavan və kifayət qədər tanınan vokalçının - əməkdar artistlər İlahə Əfəndiyeva ilə Fərid Əliyevin debütü ilə əlamətdar idi.
İlk müsahibimiz Əməkdar artist İlahə Əfəndiyeva oldu.
- İlahə xanım, Sevil partiyası Bakı Musiqi Akademiyasında sopranolar üçün tədris planına daxildir. Ona görə də sizdən bu partiyanı necə öyrəndiyinizi soruşmuram. Amma obraz üzərində necə işlədiyinizi bilmək maraqlı olardı.
- Haqlısınız. Həqiqətən də, Sevilin mahnısını da, ariyasını əvvəldən bilirdim. Lakin rol üzərində indiyədək işləməmişdim. Nigardan sonra Sevil mənim milli operamızda ifa etdiyim ikinci böyük partiyadır. Məncə, bu obrazı sevmək, onun hisslərini, laylasındakı məlahəti çatdırmaq üçün ifaçıda ilk növbədə milli ruh olmalıdır.
- Deməli, sizin üçün Sevil obrazını hazırlamaq çətin olmadı?
- Bilirsiniz, mən Sevildən əvvəl Toskanı hazırlamışdım deyə, Sevil obrazı üzərində vokal texnikası baxımından işim çox rahat getdi. Teatr mövsümü başlayandan baş rejissorumuz Hafiz Quliyevlə birlikdə rol üzərində işlədim, sonra da tamaşaya daxil oldum.
- İndiyədək «Sevil» tamaşasında heç olmasa, kütləvi səhnədə də olsa, səhnəyə çıxmışdınız?
- Xeyr. Bu operada mənim səsimə uyğun yeganə rol Sevil partiyasıdır. Teatrda on ildən artıq çalışsam da, bu obrazda səhnəyə çıxmaq mənə indi nəsib oldu və buna görə çox sevinirəm.
- İlahə xanım, Sevilin oğlunu oynayan balaca kimdir? Sizə yaman bənzəyir.
- Bacım oğlu Toğruldur. «Sevil» tamaşası onun da səhnədə ilk çıxışı idi.
* * *
Növbəti müsahibimiz isə səhnənin yeni Balaşı - Əməkdar artist Fərid Əliyevdir.
- Fərid, sizi də təbrik edirik. Yəqin ki, sizin də Balaşın partiyasını ifa etmək kimi bir arzunuz olub.
- Çox sağ olun. Azərbaycanda çox ifaçı Balaşın məşhur ariyasını az qala əzbər bilir. Mənə bu partiyanı oxumaq çoxdan təklif edilsə də, başqa partiyaları hazırladığım üçün bir qədər təxirə salmalı olduq. Mən bütün partiyaları öz vokal müəllimim, Əməkdar artist, Musiqi Akademiyasının professoru Hüseyn Əliyevlə hazırlayıram. Bu dəfə də Hüseyn müəllim ilə birgə çalışdıq. Tamaşa günü müəllimim də salonda idi. O mənim ifamdan razı qalıbsa, deməli, nəsə bacarmışam. Ümumiyyətlə, opera səhnəsində vokalçı səhnəyə çıxanadək konsertmeysterlər, rejissor onunla birlikdə böyük zəhmət çəkirlər. Mən bu gün onların hamısına, mənimlə birlikdə Balaş üzərində əziyyəti olan hər kəsə minnətdarlığımı bildirirəm.
- Bildiyim qədər, siz teatrda kifayət qədər məşğulsunuz. Bu yaxınlarda sizi daha hansı tamaşada görəcəyik?
- Teatrın repertuarındakı Avropa bəstəkarlarının əsərlərinin əksəriyyətində məşğulam. Hazırda Pyotr Çaykovskinin «Qaratoxmaq qadın» operasında Germanın partiyası üzərində işləyirəm.
* * *
Opera sənətini sevənlər yaxşı bilir. Bu gün dünyada yeni operalar çox az yazılır, tamaşaların quruluşlarında dəyişiklik nadir hallarda baş verir. Operaya yeni, ya da indiyədək eşitmədiyin ifaçıları dinləmək üçün gedirlər. Əməkdar artistlər İlahə Əfəndiyeva və Fərid Əliyevin ilk dəfə iştirakı ilə keçən «Sevil» operası artıq teatrın repertuarına daxil oldu. Ümid edirik ki, daha neçə vokalçı «Sevil» operası ilə musiqisevərlərin rəğbətini qazanacaq.
Gülcahan Mirməmməd