Azərbaycanlı vokalçı Cüzeppe Verdinin “Trubadur” operasında çıxış edib
Azərbaycanın Əməkdar artisti Dinara Əliyeva yanvarın 12-də İsrailin “Tel Aviv Performing Arts Center” məkanında Cüzeppe Verdinin “Trubadur” operasında çıxış edəcək. Operanın növbəti tamaşası yanvarın 15-də keçiriləcək.
Dinara Əliyevanın saytında yer alan məlumata görə, o, operada Leonora rolunu ifa edib.
Dinara Əliyeva 2009-cu ildən Rusiyada Böyük Teatrın solistidir. O, Rusiya, İtaliya, Fransa, Yunanıstan, Çexiya, Monte-Karlo, ABŞ, Yaponiyanın opera teatrı səhnələrində və konsert zallarında çıxış edib. 2010-cu ildə Bakıda məşhur tenor Plasido Dominqo ilə birgə konserti olub. C.Verdinin anadan olmasının 200 illiyi münasibətilə Fransanın Kolmar və Çexiyanın Praqa şəhərlərində “GalaVerdi” adlı solo konsertləri böyük uğurla keçib. 2015-ci ildə Moskvada Dinara Əliyevanın “Opera Art” beynəlxalq musiqi festivalı keçirilib.
Dinara Əliyeva konsertlərdə müxtəlif janrlarda, rus və Azərbaycan xalq mahnılarından, opera və operettalardakı ariyalardan romans və cazadək müxtəlif əsərləri ifa edir.