Dərbəndi. Bu kəlməni ilk dəfə çox kiçik yaşlarımda eşitmişəm... Bakının Saray kəndində ata-babadan qalma xudmani bir bağımız var. Doxsanıncı illərə qədər, demək olar ki, bütün yayı o bağda keçirərdik. Hər səhər günəş çıxar-çıxmaz anam bizi yuxudan qaldırar, içində ağ şanı, kişmiş, qara şanı üzümlər, bal kimi əncirlə dolu böyük bir ləyəni qarşımıza qoyardı. Bu cənnət meyvələrindən sonra heç nə yemək istəməzdik. Elə o zamandan bilirəm ki, dərbəndi adlı bir üzüm növü də var. Sonralar bildim ki, bu, sadəcə, üzüm növünün adı deyil. Bizdən ayrı düşmüş Dərbənd adlı bir parçamız da var şimalda...
O vaxtdan Dərbəndi uşaqlıq dövrümün xatirəsi, tarix kitabları, müxtəlif yazılardan, televiziya verilişlərindən ancaq qiyabi tanıyırdım. Bu günlərdə ilk dəfə sərhədimizdən 75 kilometr şimalda yerləşən qədim şəhəri görmək müyəssər oldu.
Səbəb ol səbəb ki, Dərbənd Azərbaycan Dövlət Dram Teatrının baş rejissoru Ər-Toğrul Kamalov bizi teatrın “Ac həriflər” tamaşasının premyerasına və oradakı əzizlərimizlə həmbənd olmağa dəvət elədi. Şərəf duyduq və müşərrəf olmaq üçün yola düşdük...
Dərbənd Azərbaycan Teatrı uzun illərdir ağır şəraitdə, normal şəraiti olmayan binada fəaliyyət göstərir. Bu baxımdan Azərbaycan Prezidentinin ötən ilin avqust ayında Dərbənd Azərbaycan Teatrı üçün yeni bina tikilməsi barədə imzaladığı sərəncam bu zəngin tarixi olan sənət ocağının gələcək həyatında yeni səhifə açacaq. Ömür vəfa eləsə, inşallah, mən də yaxın 2-3 ildə Dərbənddə tikiləcək gözəl bir teatr binasının açılışında iştirak etmək, o teatrın üzügülər, səmimi sənətçilərinin sevincinə qoşulmaq istərdim.
Dərbənd Azərbaycan Teatrı məlum səbəbdən tamaşalarını, bir qayda olaraq, Dərbənd Ləzgi Teatrının səhnəsində təqdim edir. Növbəti tamaşa da elə bu teatrın səhnəsində baş tutdu. Əvvəlcədən deyim ki, düzü, teatrın öz binasındakı şəraitsizliyi görəndən sonra, o əhval-ruhiyyə və səhnədə normal məşq imkanının olmaması baxımından “Ac həriflər”dən elə də bir performans gözləmirdim. Nə yaxşı ki, yanılmışdım...
Tamaşa Xan əminin “Qarabağ şikəstəsi” ilə başlayır. Azərbaycanın rəsmi sərhədlə bölünmüş tarixi torpağı Dərbənddə, ac qurdların torpağını gəmirdiyi nisgilli Qarabağın şikəstəsini dinləmək çox qəribə bir duyğudur. Özü də Xan əmidən. Azca kövrələntəhər olmuşduq ki, qəfil Xan əminin səsini estrada musiqisi əvəz elədi. Sümüyə düşən bu musiqini dinləməyə başlamışdıq ki, yenə Xan əmi “qayıtdı”. Rejissorun təklifini qəbul etdik. Deməli, tamaşa dual xassəlidir. Pərdələr açılan kimi bunun şahidi olduq. Səhnənin yarı tərəfi köhnə müsəlman bozbaşxanası, yarısı da müasir kafe. Musiqi həlli, rəssam işi, səhnə tərtibatından tutmuş, aktyorların geyiminə qədər iki xassəlilik prinsipi gözlənilmişdi tamaşada. Düzdü, bəzi hallarda, məsələn, Həsən dayının yarımsaqqallı sifəti onun oyununu xortdanvariliyə çəkirdi. Amma aktyorun plastikası və özünəməxsus şirin ifa tərzi bunu insana unutdurdu.
Rejissor Zərbəli obrazını aktrisaya tapşırmışdı. Bu mənə görə sürüşkən məqam və tamaşanın müvazinətini itirməsinə səbəb ola biləcək bir risk idi. Di gəl ki, aktrisa rejissorla əl-ələ verib elə bir oyun sərgilədi ki, biz mat-məəttəl qaldıq. Son ana qədər mən Zərbəlinin qadın olduğuna inanmadım. Halbuki bunu sezmək elə də çətin deyildi. Tamaşaçılar, içi biz qarışıq Zərbəlinin oyununa xeyli güldük. Deməli Ər-Toğrul, əslində, Zərbəlini aktrisaya verməklə heç bir riskə getməmiş, əksinə, çox uduşlu bir gediş etmişdi. Mənim üçün maraqlı məqamlardan biri və ən əsası o idi ki, kiçik, epizodik səhnəsi olan aktyorlar belə oyununu bacardığı qədər boş, sadəcə söz, keçid xatirinə təqdim etmədi. Bu, tamaşada, aktyor oyununda olduqca önəmli bir məsələdir. Nəzərə alsaq ki, kollektiv tamaşanı oynadıqları səhnədə cəmi 1-2 gün məşq edib və ümumiyyətlə, mövsüm ərzində vur-tut 2-3 dəfə tamaşa oynayırlar, onda sıradan görünən, elementar oyun prinsipinə niyə bu qədər önəm verdiyimi anlayarsınız.
Beləliklə, “Ac həriflər”in Həsən dayısı, Zərbəlisi və bildiyiniz həmən personajlar. Bəzisi dəyişik, bəzisi yerində... Hə, bir də həmkarım Ər-Toğrulun yaradıcı “xuliqanlığı”. Bu da həm ustadından, həm də gəncliyə xas maksimalizmindən irəli gəlir, məncə. Məhz elə buna görə Rusiyanın tanınmış rejissoru, Dağıstan Respublikası Mədəniyyət Nazirliyinin teatrlar üzrə kuratoru, Mahaçqaladakı Rus Dövlət Dram Teatrının bədii rəhbəri Mavled Danialoviç Tulparov tamaşadan sonra səhnəyə çıxdı və aktyorlarla bir cərgədə durub üzünü tamaşaçılara və yaradıcı heyətə tutub dedi: “Mən bütün kollektivi təbrik edirəm! Bu gün sizlər bu səhnədən bizə bir bayram ovqatı yaşatdınız. Amma əsas sözüm teatrın baş rejissoru, bu tamaşaya quruluş verən Ər-Toğruladı. Sən bu işinlə öz rejissor dəst-xəttini nümayiş etdirdin. Mən əminəm ki, Dərbənd Azərbaycan Teatrının yeni, məhsuldar dövrü başlayır. Uğurlar!”
Məhrumiyyətlər kompleksi yaşayan Dərbənd Azərbaycan Teatrının ortabab bir tamaşa cəhdinə baxacağımızı zənn edirdik. Halbuki kamil bir tamaşaya baxdıq.
Sonda bu fikri qeyd etməyi vacib hesab edirəm. Dərbənddə Azərbaycan teatrı olub və bu gün də ayaq üstədir. Bu teatra bənd olanlara eşq olsun!
Mir Sahib