Vladimir Qromov: “Ən xoş təəssüratlar və əməkdaşlığı davam etdirmək ümidi ilə Bakını tərk edirəm”
Yanvarın 16-da Akademik Opera və Balet Teatrında italyan bəstəkarı Cakomo Puççininin “Bohema” operasının növbəti tamaşası göstərilib. Azərbaycanlı sənətçilərlə yanaşı, Ukrayna və Belarusdan dəvət olunmuş solistlərin də yer aldığı tamaşa alqışlarla qarşılanıb.
Teatrın mətbuat xidmətindən verilən məlumata görə, operada Mimi partiyasını Ukraynanın Xalq artisti, beynəlxalq müsabiqələr laureatı Olqa Naqornaya, Marsel partiyasını Belarus Akademik Böyük Opera və Balet Teatrının solisti, bu ölkənin Əməkdar artisti Vladimir Qromov ifa edib. Digər rolları Azərbaycanın əməkdar artistləri İnarə Babayeva (Müzetta), Fərid Əliyev (Rudolf), Əkrəm Poladov (Kollen) və Xalq artisti Əli Əsgərov (Alsindor) oynayıblar.
Tamaşaya Xalq artisti Cavanşir Cəfərov dirijorluq edib.
Tamaşadan sonra öz təəssüratlarını bölüşən belaruslu vokalçı Vladimir Qromov bu dəvəti böyük məmnuniyyətlə qəbul etdiyini deyib: “Bakını, teatrınızın yüksək peşəkar səviyyəsini və tamaşaçılarınızın səmimiyyətini çox bəyənirəm. Həmişəki kimi bu dəfə də tamaşa yüksək səviyyədə keçdi. Solistlərin dramatik oyununu, obraz yaratmaq bacarığını xüsusilə qeyd etmək istəyirəm. Ən xoş təəssüratlar və sizin teatrla əməkdaşlığımı gələcəkdə də davam etdirmək ümidi ilə Bakını tərk edirəm”.