Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına Belarus Milli Akademik Böyük Opera və Balet Teatrından növbəti dəvət məktubu daxil olub.
Teatrın mətbuat xidmətindən bildirilib ki, balet truppasının gənc və istedadlı solisti, Əməkdar artist Nigar İbrahimova yanvarın 22-də Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının səhnəsində Adolf Adanın “Jizel” baletində Jizel partiyasını ifa etmək üçün dəvət olunub.
Nigar İbarhimova 2004-cü ildən teatrın balet truppasında çalışır. Truppanın aparıcı solisti kimi bir çox tamaşalarda böyük uğurla çıxış edir. Dəfələrlə Azərbaycanı Türkiyə, Rusiya, Fransa və başqa ölkələrdə müvəffəqiyyətlə təmsil edib. İstedadlı aktrisanın ən böyük uğurlarından biri də ötən ilin sentyabrında Kreml sarayında balet artistlərinin Rusiya və Avropadan olan beynəlmiləl heyətinin tərkibində Fikrət Əmirovun “Min bir gecə” baletində Şəhrizad rolunu ifa etməsi olub.