Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Xalq artisti Tariyel Qasımov Özbəkistanın Dövlət mükafatı laureatı, SSRİ Xalq artisti, kinorejissor Şöhrət Abbasovun 85 illik yubiley mərasimində iştirak edib.
Teatrın mətbuat xidmətindən bildirilib ki, aktyor Moskvadakı Mərkəzi Kino Evinin böyük zalında keçirilən yubiley mərasiminə xüsusi qonaq qismində qatılıb. Kinorejissorun özbək şairi Həmzə Həkimzadə Niyaziyə (1889-1929) həsr etdiyi 17 seriyalı “Odlu yollarla” tarixi televiziya filmində çəkilən Tariyel Qasımov çıxışında film haqqında təəssüratlarını bölüşüb, yubilyara yeni yaradıcılıq uğurları arzulayıb.
Mərasimdə yubilyarın dostları, teatr və kino aktyorları çıxış ediblər. Yubiley Rusiya Federasiyası Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə keçirilib.